“Xəzər Lənkəran”ın məyus etdiyi məşqçi: Eratın başla fərqlənmək şansı vardı
11.02.2014 - 09:53
“Xəzər Lənkəran”ın məyus etdiyi məşqçi: Eratın başla fərqlənmək şansı vardı

“Yaxşı, tempi sürətli oyun oldu. Biz 1 xala layiq idik”. Apasport.az saytının məlumatına görə, bunu Almaniyanın “Fortuna” klubunun baş məşqçisi Lorents-Qünter Köstner deyib.

Düsseldorf klubu dünən qış fasiləsindən sonra 2-ci Bundesliqada ilk oyununu keçirib. “Fortuna” səfərdə “Münxen 1860” ilə qüvvəsini sınayıb. Qonaqlar 64-cü dəqiqədə hesabda geri düşsə də, 6 dəqiqə sonra bərabərlik qolunu vura bilib.

Bu görüşdə 90 dəqiqə sağ cinah yarımmüdafiəçisi kimi çıxış edən 21 yaşadək millimizin futbolçusu Tuğrul Erat bununla da 2-ci Bundesliqada 4-cü rəsmi oyununu keçirib. Bu dəfə qol vura bilməsə də, Köstner onun fərqlənmək şansının olduğunu qeyd edib: “Lumpi” ləqəbli kapitanımız Lamberts şansından yararlanmalıydı. Həmçinin Tuğrul Eratın başla fərqlənmək şansı vardı. Ancaq qapıçı bu zərbəni əli ilə küncə göndərdi. Komandamız böyük hünər göstərdi. Biz qarşıdakı oyunlarda itirdiyimiz 2 xalı kompensasiya edəcəyik”.

Qeyd edək ki, Mönxenqladbax “Borussiya”sında Berti Foqtsun komanda yoldaşı olmuş Köstner “Volfsburq”un U-23 komandasında işləyərkən 2012-ci ilin yanvarın 24-də “Xəzər Lənkəran”la yoxlama oyunu keçirib. Cənublular Elnur Abdullayev və Branimir Subaşiçin qolları ilə onun komandasını məğlub etməyi bacarmışdı – 2:1.