“Zeedorfun taleyi mayın 25-dən sonra həll olunacaq”
20.05.2014 - 05:28
“Zeedorfun taleyi mayın 25-dən sonra həll olunacaq”

 

 

Mayın sonunda “Milan” futbol klubunun Direktorlar Şurasının iclası keçiriləcək və iclasda vacib qərarlar qəbul ediləcək. Apasport.az saytının məlumatına görə, komandanın baş məşqçisi Klarens Zeedorfun taleyi də həmin görüşdə həll olunacaq.

 

Zeedorf yanvar ayında baş məşqçi postunda Massimiliano Alleqrini əvəz edib. Amma o da klubu avrokuboklar zonasına qaytara bilməyib.

 

“Milan”ın prezidenti Silvio Berluskoni mövsümün final oyununu gözləməyin lazım olduğunu vurğulayıb: “Mayın 25-dən sonra Direktorlar Şurasının iclasını çağıracağam. Həmişə olduğu kimi həmin iclasda növbəti mövsüm “Milan”a nə lazım olduğu məsələsi həll ediləcək. Çox təəssüf ki, növbəti mövsüm ancaq İtaliya kuboku və çempionatında iştirak edəcəyik. Bu, ciddi zərbədir. Amma bu zərbə yeni dövrün başlanğıcı ola bilər. Biz yeni dövr barəsində düşünürük və “Milan”ı son 30 ildə olduğu kimi dünya futbolunun lideri mövqeyinə qaytarmaq istəyirik”.