“Beşiktaş”dan “Everton”a keçən Cenk Tosunun yeni komandasında hansı nömrəli formanı geyinəcəyi bəlli olub. Apasport.az saytı xəbər verir ki, 27 yaşlı hücumçu “14”ü seçib.
Liverpul təmsilçisində 9 və 23 nömrəli formaların sahibi olduğundan, Cenkin “99”a üstünlük verəcəyi gözlənilirdi. Lakin təcrübəli futbolçu fərqli addım atıb.
Tosunun 14 nömrəli formanı seçməsi iki məqamla bağlıdı. Birincisi, futbolçu özünü yaxşı tərəfdən göstərdiyi “Beşiktaş”a 2014-cü ildə transfer olunub. İkinci məqam isə Tyerri Anrinin vaxtilə “Arsenal”da məhz bu nömrəyə üstünlük verməsi ilə bağlıdı. Tosun da Anri kimi İngiltərədə uğurlu karyera yaşamaq arzusundadı.
Futbolda 14 nömrə məşhur sayılmasa da, bu formanı Anri ilə yanaşı, yetərincə tanınmış oyunçu geyinib. Əfsanəvi Yohan Kroyff, “Atletiko”nun çalışdırıcısı Dieqo Simeone, italiyalı Luici di Byaco, ispan Xabi Alonso, argentinalı Xavyer Maskerano kimi futbolçular da “14”ə bağlı olub.
Azərbaycanda isə millinin sabiq kapitanı Rəşad Sadıqov “14”lə tanınır. O, yığma ilə yanaşı, “Neftçi” və “Qarabağ” klublarında da bu nömrəli formanı geyinib. Cavid Hüseynov xeyli vaxtdı “Qəbələ”də “14”ün sahibidisə, Rahid Əmirquliyev sabiq komandası “Xəzər Lənkəran”da uzun illər bu nömrəli formada oynayıb.