[b]153 min manatlıq cərimə, Elnur Əşrəfoğlu və 8 klub[/b]
25.12.2014 - 11:34
[b]153 min manatlıq cərimə, Elnur Əşrəfoğlu və 8 klub[/b]

Topaz Premyer Liqasında ilk II dövrənin ən intizamlı və intizamsız komandaları məlum olub. Apasport.az saytının məlumatına görə, çempionluğa iddia edən “Neftçi” ən intizamsız klub kimi də diqqət çəkir.

 

Paytaxt təmsilçisi Premyer Liqanın geridə qalan 18 turundakı intizamsızlıqlara görə, ümumilikdə 34600 manat məbləğində cərimə edilib. “Neftçi” bu cərimənin 20000 manatını prezidentin müşaviri Elnur Əşrəfoğluya görə ödəməli olub. “Simurq”la XII tur matçından sonra AFFA Hakimlər Komitəsini təhqir edən Əşrəfoğlunun bu hərəkəti 20 min manatlıq olmuşdu. Maraqlıdı ki, Elnurun cəzası “Bakı” istisna olmaqla, digər 8 klubun cəzasından çoxdu.

 

“Neftçi”ni 23600 manatla “Bakı” izləyir. AFFA-nın büdcəsinə 10000 manatdan çox pul köçürən digər klublar isə “Xəzər Lənkəran”, “Simurq” və “Qəbələ”di.

 

Ən intizamlı klub isə “Qarabağ”dı. Ağdam klubu cəmi 2000 manat ziyana düşüb. Düzdü, “Araz Naxçıvan” da eyni məbləğdə pul büdcəsindən çıxarıb. Lakin nəzərə almaq lazımdı ki, naxçıvanlılar XI turdan sonra fəaliyyətlərini dayandırıblar.

 

“Bakı” keçirdiyi 16 matçın 11-nə görə cərimə olunub. 10 klubun ümumilikdə AFFA-ya köçürdüyü məbləğ isə 120000 manatdı. Premyer Liqa klublarının əvəzediciləri ümumilikdə 26700 manat cərimə olunublar. Əsas komandalardan fərqli, “Neftçi”nin əvəzediciləri ən intizamlıdı. Əvəzedicilərdə ən intizamsız komanda isə “Qəbələ”di.

 

Elita klublarından yalnız 4-ü ölkə kubokundakı intizamsızlığa görə cəzalanıb. Bunlar “Bakı”, “Neftçi”, AZAL və “Sumqayıt”dı. Bu “dördlük” kuboka görə ümumilikdə 7200 manat ziyana düşüb.

 

Premyer Liqa komandalarının həm çempionata, həm kuboka, həm də əvəzedicilərə görə ümumi cərimələrinin məbləği 153900 manatdı.

 

Premyer Liqa

"Neftçi" – 34600

"Bakı" - 23600

"Xəzər Lənkəran" – 18400

"Simurq" - 12000

"Qəbələ" - 10200

"Sumqayıt" – 7200

"İnter" - 6200

AZAL - 3800

"Araz Naxçıvan" - 2000

"Qarabağ" – 2000

 

Əvəzedicilər

"Qəbələ" - 6500

"Sumqayıt" - 5600

"Simurq" - 5300

"Bakı" - 3000

"Xəzər Lənkəran" – 1800

"İnter" – 1200

"Araz Naxçıvan" - 1200

AZAL - 1000

"Qarabağ" - 600

"Neftçi" - 500

 

Kubok

"Bakı" - 3000

"Neftçi" - 2000

AZAL - 2000      

"Sumqayıt" - 200

 

Qeyd: IV turdakı "Xəzər Lənkəran" - "İnter" oyununda Qalin İvanova göstərilən sarı vərəqə sonradan ləğv edilib. Həmin matçda "Xəzər Lənkəran" 4 sarı aldığı üçün 1000 manat cərimə olunmuşdu. İvanovun vərəqəsi ləğv edildiyindən, “Xəzər Lənkəran” həmin məbləği ödəməyib.

 

Ruslan SADIQOV