[b]1/4 final: Kim neçənci dəfə?[/b]
04.12.2014 - 10:56
[b]1/4 final: Kim neçənci dəfə?[/b]

AZAL iki mövsümlük uğursuzluğa son qoyub. Apasport.az saytının məlumatına görə, 2011/12 mövsümündən sonra Azərbaycan kubokunda 1/4 finala yüksələ bilməyən paytaxt təmsilçisi uğursuz seriyanı qıra bilib.

 

1/8 finalda “Neftçala”nı 2:1 hesabı ilə məğlub edən Tərlan Əhmədovun yetirmələri ümumilikdə 6-cı dəfə 8 ən güclü arasına düşüb.

 

1/4 finalların mütləq rekordçusu isə “Neftçi”di. 1992-ci ildən indiyədək ölkə kubokunun bu mərhələsinin daimi iştirakçısı olan “ağ-qaralar” 23-cü dəfə yarımfinalın 1 addımlığındadı.

 

Ardıcıl 4-cü dəfə bunu bacaran “Qarabağ” 16-cı dəfə 1/4 finaldadı. “Bakı”, “İnter” və “Xəzər Lənkəran” “üçlüy”ü 2004-cü ildən başlayan uğurlu seriyanı davam etdirir. Onların hər biri ardıcıl 11-ci dəfə 1/8 finalı adlayıb. Ümumilikdə isə “Bakı” 15, “İnter” 12, Lənkəran təmsilçisi 11-ci dəfə bunu bacarıb.

 

Son 5 mövsümdə 1/4 finaladək irəliləyən “Qəbələ” isə 7-ci dəfə bu uğura nail olub. Tarixinin 5-ci 1/4 finalında mübarizə aparacaq “Simurq”un belə seriyası isə 3-ə bərabərdi.