[b]2015/16 mövsümünün başlanma tarixi açıqlandı[/b]
08.07.2015 - 15:38
[b]2015/16 mövsümünün başlanma tarixi açıqlandı[/b]

Topaz Premyer Liqasında 2015/16 mövsümünün başlama vaxtı məlum olub. Bu barədə apasport.az saytına Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev məlumat verib.

 

O bildirib ki, yeni mövsümün startı avqustun ikinci həftəsində veriləcək. Birinci turun oyunlarının avqustun 8-9-da keçirilməsi planlaşdırılır. Çempionatın püşkatması isə iyulun üçüncü həftəsində, daha da konkretləşdirsək, 15-20-si aralığında olacaq.

 

Yeni mövsümün başlamasına cəmi bir ay vaxt qalmasına baxmayaraq, “Simurq” hələ də təlim-məşq toplanışına yığışmayıb. Aparıcı futbolçularının hamısı və məşqçilər korpusu ilə yollarını ayıran Zaqatala təmsilçisinin elitada iştirakı sual altına düşüb. Hətta yayılan söz-söhbətə görə, “Simurq”u Premyer Liqada “Bakı” əvəz edəcək.

 

Ancaq Ramin Musayev bunun baş tutmayacağını söyləyib. O qeyd edib ki, “Simurq”, eləcə də ciddi maliyyə problemi ilə üzləşən AZAL 2015/16 mövsümünü də Premyer Liqada keçirəcək: “O ki qaldı “Bakı”ya, bu klubun Azərbaycan futboluna böyük xidmətləri olub. Ancaq qanun hamı üçün eynidi. “Bakı” Premyer Liqanı tərk etdiyindən, gələn mövsüm I divizionda iştirak etməli olacaq”.