Topaz Premyer Liqasının XXII turu “Qəbələ”nin qapıçısı Aqil Məmmədov üçün əlamətdar olub. Apasport.az saytının məlumatına görə, 29 yaşlı qolkiper yaşıl meydança həsrətinə son qoyub.
“Zirə” ilə görüşün 26-cı dəqiqəsində zədələnən komanda yoldaşı Dmitri Bezotosnını əvəzləyən Məmmədov təxminən 1 ildən sonra çempionat matçında iştirak etmək imkanı yaxalayıb.
Maraqlıdı ki, o, buna qədər sonuncu dəfə AZAL-ın heyətində olarkən Premyer Liqa həyəcanı yaşamışdı. Belə ki, milli üzvü axırıncı dəfə ötən il aprelin 23-də AZAL – “Kəpəz” (1:2) qarşılaşmasında bakılıların çərçivəsini qoruyub.
350 günlük Premyer Liqa həsrəti başa çatan Aqil eyni zamanda “Qəbələ”nin heyətində çempionatda ilk qarşılaşmasına çıxıb. Ötən ilin yayında “qırmızı-qaralar”la anlaşan qapıçı indiyə qədər yalnız kubok görüşlərində iştirak etmişdi.
Qeyd edək ki, “Zirə” – “Qəbələ” oyununda birinci hissədən sonra hesab açılmayıb.