Topaz Premyer Liqasının XXVII turunda “Səbail”ə 3:1 hesabı ilə qalib gələn “Neftçi” 3-cü pilləyə yüksəlib. Apasport.az saytının məlumatına görə, “ağ-qaralar” mövsümdə ilk dəfə “üçlüy”ə daxil olub.
Çempionat boyu turnir cədvəlinin aşağı pillələrində vurnuxan paytaxt klubu mövsümün ikinci yarısında yaşadığı yüksəliş sayəsində 3-cü pilləyə qədər irəliləyib. Azərbaycanın ən titullu klubunun sonuncu dəfə belə yüksək mövqedə qərarlaşmasına ötən mövsümün startında təsadüf olunub. 2016/17 mövsümünə AZAL üzərində 2:0 hesablı qələbə ilə başlayan “Neftçi” ilk turdan sonra 2-ci yerdə qərarlaşsa da, bu pillədə 1 həftədən artıq qalmayıb.
Lakin bəzi mənbələrdə 1 turdan sonra turnir cədvəli tərtib etmir, bəziləri isə buna ciddi yanaşmır. Bir sözlə, “Neftçi”nin ötən mövsümün startındakı 2-ci yeri də ciddi qəbul olunmamalıdı.
İlk turdakı durumu nəzərə almasaq, “Neftçi”nin “üçlük”də yer alması daha uzağa gedir. Bakılılar 2015/16 mövsümü boyu da belə yüksəyə qalxmayıb.
“Ağ-qaralar”ın 3-cü yerdə qərarlaşdığı son tarix isə 2015-ci il mayın 8-di. Həmin gün “İnter”ə (indiki “Keşlə”) 0:4 hesabı ilə uduzan “Neftçi” 3-cü yeri “Qəbələ”yə vermişdi. 2014/15 mövsümünün 32-ci turunu “üçıük”də tamamlayan, 33-cü turda isə mövqeyini itirən bakılılar ilk tur istisnası sayılmadan 3 ildən bir az artıq müddətdə belə uğura həsrət idi.
Tərlan Əhmədovun rəhbərliyi altında bu həsrəti də bitirən bakılıların 4 illik mükafatsızlığına isə XXVIII tur son qoya bilər. 2013/14 mövsümündən sonra iki dəfə 4-cü, 1 dəfə 6-cı, 1-dəfə 7-ci olan “ağ-qaralar” medal həsrətini “Kəpəz”lə səfər matçında durdurmaq imkanına malikdi. Bunun üçün paytaxt klubuna 3 xal lazımdı.