Sabah Azərbaycan kubokunda yarımfinal mərhələsinə start veriləcək. Apasport.az saytının məlumatına görə, ilk oyunlar çərçivəsində keçiriləcək iki qarşılaşmadan biri Qəbələdə baş tutacaq.
Ötən mövsümün finalçısı olan “Qəbələ” öz meydanında “Neftçi” ilə görüşəcək. Bu, “qırmızı-qaralar”ın Azərbaycan kubokunda 57-ci qarşılaşması olacaq. İndiyədək keçirdiyi 56 görüşdə 29 dəfə qalib gələn bölgə təmsilçisi yubiley – 30-cu qələbənin astanasındadı. “Qəbələ”nin hesabında 17 heç-heçə və 10 məğlubiyyət də var. Rəqib qapılarına 97 top vuran futbolçular bu göstəricidə 100-ə çatmağa yaxındı. Bunun üçün Roman Qriqorçukun yetirmələrinin 3 dəfə fərqlənməsi kifayətdi. “Qəbələ” kubok matçlarında 47 qol buraxıb.
Arxada qalan 56 oyundan üçündə rəqib “Neftçi” olub. Paytaxt təmsilçisi ilə iki dəfə yolları kəsişən “qırmızı-qaralar” 2013/14 mövsümünün finalında 1, 2015/16 mövsümünün yarımfinalında 2 qarşılaşmada “ağ-qaralar”la üz-üzə gəlib. Hər üç matç 1:1 hesablı heç-heçə ilə başa çatıb. Bu iki duelin taleyi penaltilərlə həll olunub ki, zərbələri paytaxt təmsilçisi daha dəqiq yerinə yetirib.
“Qəbələ” tarixində 6-cı dəfə yarımfinalda mübarizə aparacaq. Əvvəlki 5 cəhddən ikisində finala adlayan komanda 2013/14 mövsümündə “Xəzər Lənkəran”ı (3:0, 1:1), 2016/17 mövsümündə “İnter”i (3:1, 2:0) mübarizədən kənarlaşdırıb. “Qırmızı-qaralar” yarımfinal səddini məhz onları bu mərhələdə üstələyən rəqibləri yenməklə adlayıb. Komanda 2007/08 mövsümündə “Xəzər Lənkəran”a (1:3, 1:1), 2008/09 mövsümündə isə “İnter”ə (0:5, 2:0) uduzub. 2015/16 mövsümündə isə “Qəbələ” final yolunda “Neftçi” ilə qarşılaşıb – 1:1, 1:1, pen. 3:4.
Sabah Qəbələ şəhər stadionunda keçiriləcək oyun Azərbaycan kubokunda 31-ci ev matçı olacaq. Doğma azarkeşlər önündə 18 qələbə qazanıb, 9 heç-heçə edən futbolçular cəmi 3 dəfə uduzublar. Öz meydanında 63 qol sevinci yaşayan komanda cəmi 18 top buraxıb.
Cari mövsüm yarimfinala qədər üç oyun keçirən “Qəbələ” bütün matçlarda qələbə qazanıb. 1/8 finalda “Mil-Muğan”ı 8 cavabsız qolla məyus edən “qırmızı-qaralar” 1/4 finalda “Səbail”i mübarizədən kənarlaşdırıblar – 1:0, 4:2.
Qeyd edək ki, sabah keçiriləcək “Qəbələ” – “Neftçi” oyunu saat 18:00-da başlayacaq.