[b]8-ci darmadağın[/b]
30.05.2018 - 09:28
[b]8-ci darmadağın[/b]

Mayın 29-da Qırğızıstan millisi ilə yoxlama oyunu keçirən Azərbaycan yığması 3:0 hesablı qələbə qazanıb. Apasport.az saytının məlumatına görə, ilk rəsmi matçını 1992-ci ildə keçirən yığmamız keçirdiyi 238-ci matçda 8-ci böyükhesablı qələbəyə imza atıb.

 

Belə ki, yığmamız bunadək cəmi 7 dəfə 3 və ya daha çox top fərqilə qalib gəlmişdi. Sonuncu qələbəsini 267 gün öncə əldə edən millimiz ötən il sentyabrın 4-də də böyük hesabla sevinmişdi.

 

Həmin gün DÇ-2018-in evdəki seçmə oyununda San-Marinonu 5:1 hesabı ilə yenən yığmamız 5 matçlıq qələbəsizliyə növbəti darmadağınla son qoyub. Böyükhesablı qələbələrdən 2-si 4, 6-sı 3 top fərqilə qeydə alınıb. 6-cı dəfə 3:0 hesabı ilə qalib gələn komandamız bu nəticələrin hamısına yoldaşlıq matçlarında imza atıb.

 

Seçmə mərhələlərdəki iki darmadağın isə Lixtenşteyn və San-Marino ilə görüşlərdəki 4 topluq üstünlükdü. Qırğızıstan üzərində qələbə evdəki 6-cı darmadağın oldu. İkisi seçmə, dördü yoxlama matçlarına təsadüf edib.

 

Millimiz Qurban Qurbanovun baş məşqçiliyi dövründəki ilk qələbəsini böyük hesabla qazanıb. Berti Foqts daha çox – 3 belə uğura sevinib. Robert Prosineçkinin də 1 darmadağına sevindiyini nəzərə alsaq, böyükhesablı qələbələrdən 4-ü əcnəbilərin hesabındadı.

 

Qurbanov belə qalibiyyət əldə edən 4-cü yerli mütəxəssisdi. Kazbek Tuayev, Vaqif Sadıqov və Əhməd Ələsgərovun rəhbərliyi altında da fərqli qələbə əldə edilib.

 

Millimizin böyükhesablı qələbələri

 

27 fevral 1996-cı il Larnaka. Yoldaşlıq görüşü. Azərbaycan – Farer adaları – 3:0

22 mart 1997-ci il Bakı. Yoldaşlıq görüşü. Azərbaycan – Türkmənistan – 3:0

5 iyun 1999-cu il Bakı. AÇ-2000-ci il Avropa çempionatının seçmə mərhələ oyunu. Azərbaycan – Lixtenşteyn – 4:0

27 fevral 2012-ci il Dubay. Yoldaşlıq görüşü. Azərbaycan – Hindistan – 3:0

15 avqust 2012-ci il Bakı. Yoldaşlıq görüşü. Azərbaycan – Bəhreyn – 3:0

14 avqust 2013-cü il Bakı. Yoldaşlıq görüşü. Azərbaycan – Malta – 3:0

4 sentyabr 2017-ci il Bakı. DÇ-2018-in seçmə oyunu. Azərbaycan – San-Marino – 5:1

29 may 2018-ci il. Bakı. Yoldaşlıq görüşü. Azərbaycan – Qırğızıstan – 3:0