[b]9 il sonra “doqquzluq”[/b]
11.02.2018 - 18:30
[b]9 il sonra “doqquzluq”[/b]

“Keşlə”nin çalışdırıcısı Yuri Maksimov Azərbaycan çempionatları tarixinə növbəti legioner baş məşqçi kimi düşüb. Apasport.az saytının məlumatına görə, Premyer Liqanın XV turu çərçivəsində bu gün “Səbail”lə ev oyununda debüt edən ukraynalı çalışdırıcı 53-cü olub.

 

Premyer Liqanın (əvvəlki güclülər dəstəsi) 25 illik tarixində bunadək 52 əcnəbi mütəxəssis çalışıb. İlk gəlmə baş məşqçi isə 2001/02 mövsümündə “Turan”a rəhbərlik edən Naci Şensoy olub.

 

Maksimov həmçinin ölkə çempionatının yüksək liqasının 9-cu ukraynalısı olub. Onadək bu ölkədən 8 baş məşqçi klublarımıza rəhbərlik edib. Bir sözlə, ukraynalılar “doqquzluğ”a Maksimovla düşüb.

 

Onadək çempionatımızın ilk ukraynalısı – Anatoli Konkov, həmçinin Oleq Smolyaninov və Valentin Xodukin “İnter”ə (indiki “Keşlə”) rəhbərlik edib.

 

9 ildən sonra yenidən ukraynalıya tapşırılacaq paytaxt klubu ilə yanaşı, “Simurq” (Roman Pokora), “MKT-Araz” (İqor Nakoneçnı), “Neftçi” (Anatoli Demyanenko), “Xəzər Lənkəran” (Viktor Pasulko) və “Qəbələ” (Roman Qriqorçuk) ukraynalı mütəxəssislərə ehtiyac duyub.

 

Maksimov klubunun tarixində 6-cı legioner baş məşqçidi. Onadək 3 ukraynalıdan başqa iki gürcüstanlı – Kaxaber Sxadadze və Zaur Svanadze bu postu tutub.