[b]"... böyük oyunçular gətirməyə imkanımız çatar" - Tahir Gözəl[/b]
27.04.2016 - 19:28
[b]"... böyük oyunçular gətirməyə imkanımız çatar" - Tahir Gözəl[/b]

"Qarabağ"ın prezidenti Tahir Gözəl Azərbaycan Kubokunun yarımfinal mərhələsində "İnter"lə keçirilən ilk qarşılaşmadan sonra jurnalistlərə müsahibə verib. Apasport.az saytının əməkdaşının da suallarını cavablandıran Ağdam klubunun rəhbəri komandasının çıxışını dəyərləndirib.

 

- Azərbaycan Kubokunun yarımfinal mərhələsində komandanız az öncə "İnter"i 4:0 hesabı ilə məğlub etdi. Komandanız necə təsir bağışladı?

- Bəli, “Qarabağ” ilk oyundan sonra böyük fərqlə qalib gəldi. Bir həqiqət var ki, komandamız oynayır. Amma bu, kifayət qədərdi. Mən daha hücumameyilli, güclü “Qarabağ” gözləyirəm. Oyun səviyyəmiz daha da yüksək, Avropaya uyğun olmalıdı. Matçdan sonra baş məşqçimiz Qurban Qurbanovla görüşüb danışacam, gərək Avropada qarşımıza bir hədəf qoyaq. Baş məşqçimiz bir təklif irəli sürdü ki, yayda ölkə xaricindəki təlim-məşq toplanışımızın vaxtını bir qədər uzadaq və daha güclü rəqiblərlə oynayaq. Biz də bunun düzgün siyasət olduğu qərarına gəldik. Şükürlər olsun ki, uğurla irəliləyirik. Migel Madera çox gözəl çıxış edir. Reynaldonun bugünkü qolu yerinə düşdü. İstəyirəm ki, o, özünə inansın. Amma “Qarabağ” hələ ki, mən istəyən oyunu göstərmir.

 

- Bunun rəqiblərin zəifliyindən qaynaqlandığını düşünmürsüz?

- Bu oyunun səviyyəsi çox yuxarı deyil. Bunu hamımız görürük. Rəqib komandada gənc futbolçular var, sürətdə də zəif deyildilər. Əlbəttə ki, bizdə təcrübə, oyun quruculuğu var. Baş məşqçimizə inanıram. "Qarabağ"da oyun intizamı var. İşləyirlər, amma kifayət qədər. Məni bu narahat edir. Fikrimcə, daha çox işləməliyik.

 

- Bəlkə bu "kifayət qədər" çempionatın səviyyəsinə görədi?

- "Kifayət qədər"in mənasını açıqlayım. Yəni komanda lazımi qədər oynayır, super yox. Qarşıdakı komandanın səviyyəsinə uyğun. Çempionatımızın səviyyəsinin aşağı düşməsi faktı da var. İnşallah, yay fasiləsində təlim-məşq toplanışının vaxtını artıracağıq ki, orda daha da güclənək. Məncə, orda güclü klublarla oynasaq, hər şey qaydasına düşəcək.

 

- Yəqin ki, bundan öncə də Qurban Qurbanovla söhbətiniz olub. O, komandanın siz istəyən səviyyədə oynamamasının səbəbini nə ilə izah edib?

- Bunu ondan soruşun. Bilirsiz, biz bir komandayıq. Hər kəsin öz şəxsi fikri ola bilər. Bu səbəbdən mənim də, Qurbanın da öz fikri var. Avstriyada təlim-məşq toplanışının müddətini uzatmaq təklifi də ondan gəlib. Yəni o da həmfikirdi, razıdı. Hədəfimiz Avropadı, çünki Azərbaycan artıq “Qarabağ”dan orda nəticə gözləyir. Siz cəbhədəki vəziyyəti bilirsiz. Ölkəmiz böyük savaşla qarşı-qarşıyadı. Qarşı tərəf hədəfindən əl çəkmir. "Qarabağ"ın da bu ərəfədə Avrokubokda uzun müddət iştirakı ölkəmiz üçün strateji baxımdan çox önəmlidi. Biz Azərbaycanın haqlı tərəfini barışcıl idman yönü ilə tanıtmaq istəyirik.

 

- Yeni transferlərə ehtiyac duyursunuzmu?

- Bunun da cavabı Qurban müəllimdədi. Allaha şükür, biz onun tələblərini qarşılamağa hazırıq. Düzdü, büdcəmiz qeyri-məhdud deyil, məhduddu. Amma stabil, normal büdcəmiz var. Hər şey Qurban müəllimdən asılıdı. Futbolçu seçiminə o baxır. Bu baxımdan ona yaşıl işıqdı.

 

- "Qarabağ"ın bu il Çempionlar Liqasının qrup mərhələsinə düşməsi qəti fikrinizdi?

- Mütləq. Mənim arzum budu. Bu il strateji baxımdan bizim üçün çox önəmli ildi. Bilirsiz, proseslər çox sürətlə inkişaf edir. Bəlkə elə Avrokubok yarışından sonra torpaqlarımız azad olundu. Buna çox ümidvarıq, arzumuz belədi. "Qarabağ" hazırda tarix yazır. Biz də istəyirik gələcəkdə bu tarixdən ağızdolusu danışaq. Bu tarixin bir parçası olmaq üçün hamımız səylə çalışırıq. Qarşıdakı rəqiblərdən də asılıdı. İnsan qarşısındakına uyğun danışır. Futbolda da belədi, qarşındakı rəqibə uyğun oynayırsan. Ambisiyamız azalmayıb.

 

- Azərbaycanda rəqibsiz olmağınız Avrokubokda sizə problem yaratmayacaq?

- Hesab eləmirəm ki, rəqibsizik. Normal mübarizə gedir. Komandanın daha da yaxşı çıxışı üçün yay toplanışını mümkün qədər uzun edəcəyik. Qurban müəllim nə qədər istəsə, o qədər də xaricdə qalacaqlar. Bütün bunlar Avrokuboka yaxşı hazırlaşmaq üçündü.

 

- Ötən mövsüm "Qarabağ" Çempionlar Liqası səviyyəsində bir qrupa düşmüşdü. Bu da komandanın daha güclü oyunçulara ehtiyacının olduğunu göstərdi. Yayda daha səviyyəli oyunçuların transferi üçün vəsait ayrılacaqmı?

- İtaliya "İnter"i ilə oyun yəqin ki, yadınızdadı. Həmin görüşdə bizim haqqımız əlimizdən alınmasaydı, hər şey başqa cür olacaqdı. Hazırda bütün dünya çətin proseslərdən keçir. Allaha şükür, son aylarda vəziyyət stabilləşir, ölkəmiz güclənir. Sponsorumuz olan "Azərsun Holdinq"in də stabilliyi qalır. Amma büdcədə böyük artımdan söhbət gedə bilməz. Belə bir imkan yoxdu. Bədcədə azalma yoxdu, amma hazırkı şəraitdə artım da ola bilməz. İnanmıram ki, böyük oyunçular gətirməyə imkanımız çatar. Ötənilki imkanlar bu il də qalır.

 

- Ordumuz səngərdə, "Qarabağ" isə yaşıl meydanlarda düşmənlərinə layiqli cavabı verir. Dövlətimiz orduya necə yüksək səviyyədə baxırsa, düşünmürsüz ki, "Qarabağ"a da dövlət səviyyəsində dəstək lazımdı ki, hər dəfə Çempionlar Liqasının qrupunda iştirak edəsiniz?

- Biz bir futbol klubuyuq, sponsorumuz var. Çox az vaxt qalıb. Nəsə olacaqsa, indi olmalıdı. Çünki futbolçu gətirmək, seçmək, hazırlaşmaq... İki ay ərzində bunu etmək çətindi. Məncə, builki "Qarabağ" ötən mövsümdəkindən daha stabildi. Təcrübəli futbolçularımız da var. Avroliqada "İnter"lə matçda bizə qarşı haqsızlığın olması təsdiqləndi. Cənab prezidentimiz bizə yüksək əhval-ruhiyyə verdi, yardım göstərdi. Dövlətimizdən kömək olarsa, əlbəttə ki, məmnuniyyətlə, şərəflə qəbul edərik. Bunun hesabatını da apararıq ki, həmin məbləğə hansı futbolçuları gətirdik, hansı işləri gördük.

0