“Azərbaycan millisi haqda geniş məlumatım yoxdu. Amma eşitdiyimə görə, onların yığma komandasında yer alan futbolçularının əksəriyyəti yerli çempionatında top qovurlar”. Apasport.az xəbər verir ki, bu sözləri Bolqarıstan millisinin qapıçısı Vladislav Stoyanov deyib.
Sentyabrın 9-da Bakıda Azərbaycan millisi ilə qarşılaşacaq Bolqarıstan yığmasının 27 yaşlı qolkiperi matç haqqında fikirlərini bildirib: “Azərbaycanın keçmiş sovet respublikalarından olması bizim işimizi asanlaşdırır. Onlar haqqında nəsə öyrənmək çətin olmayacaq. Məşqçimiz bunun üzərində işləyəcək. Məsələn, bu ölkənin “Qarabağ” klubu Avroliqanın qrup mərhələsində oynayacaq. “Neftçi” pley-off mərhələsində uduzub. Deməli, bu komandalarda oynayan çox güclü futbolçular var. Hələ heç nə demək olmaz. Sadəcə, biz səfərə 3 xal üçün gedəcəyik”.
Stoyanov Bakıda qələbə qazanmağın heç də asan olmayacağını söyləyib: “Baş məşqçimiz İvaylo Penevin rəhbərliyi altında çox ciddi şəkildə hazırlaşmışıq. Çətin bir qrupda mübarizə aparırıq. Azərbaycan səfəri də heç asan olmayacaq. Kimlərsə düşünür ki, Azərbaycan zəifdi və bizim üçün Bakıda asan olacaq. Amma onlar səhv fikirdədirlər. Komandamızı çox çətin səfər qarşılaşması gözləyir”.