Azərbaycan kubokunun yarımfinal mərhələsinin “Qarabağ”la “Neftçi” arasında cavab oyununun hakimi Əliyar Ağayev mövsümdə 3-cü dəfə ölkə derbisinə təyinat alıb. Apasport.az saytının məlumatına görə, FİFA hakimi III turda Ağdam təmsilçisinin, yarımfinalın ilk görüşündə bakılıların ev oyununda fit çalıb.
Hər iki qarşılaşmada əyalət klubu qələbə qazanıb. Öncə 3:0 hesabına sevinən ağdamlılar kubokda da 2 cavabsız qol vurub.
Ümumiyyətlə isə Ağayev cari mövsümdə 15 çempionat və 3 kubok oyununda fit çalıb. Çempionatda meydan sahibləri 8 qələbə qazanıb, 5 heç-heçə edib və 2 dəfə uduzubsa, kubokdakı görüşlərdə qonaqlar qol buraxmadan qələbələri sıralayıb.
FİFA hakimi meydan sahiblərini 33 sarı, 2 qırmızı vərəqə və 3 penalti ilə cəzalandırıb. Qonaqlar isə 29 sarı, 4 qırmızı və 4 penaltiyə məruz qalıb.
“Qarabağ” 5-ci dəfə Ağayevlə görüşəcək. Çempionatda “İnter” (1:2), “Neftçi” və “Sumqayıt” (hər ikisi 3:0), kubokda “Neftçi” ilə görüşdə baş hakim olan ədalət təmsilçisi ağdamlılara 3, rəqiblərinə 7 sarı vərəqə verib.
“Neftçi” isə artıq 5 dəfə Ağayevin idarə etdiyi oyunlara çıxıb. “Qarabağ” (0:3, 0:2), “Qəbələ” (1:4), “İnter” (1:3) və “Zirə” (3:0) ilə matçlarda bakılıların 4 məğlubiyyətinə şahid olub. “Neftçi”nin 4, rəqiblərinin 5 sarı vərəqə aldığı matçlarda paytaxt təmsilçisi 2 penalti zərbəsi yerinə yetirib.