Avropa Liqasının III təsnifat mərhələsində “Qəbələ” ilə qarşılaşacaq “Apollon” Kipr hazırlığını başa vurub. Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, Limassol təmsilçisinin hansı taktika ilə meydançaya çıxacağı artıq məlumdu.
Həmkarlarımızın iddiasına görə, baş məşqçi Pedro Emanuel 4-5-1 taktiki sxeminə üstünlük verəcək. Portuqaliyalı mütəxəssisi ən çox yarımmüdafiə xətti narahat edir. Emanuel ilk görüşdəki boşluqları doldurmaq üçün orta sahədə müəyyən dəyişikliklərə əl atacaq. Belə ki, argentinalı yarımmüdafiəçi Esteban Sakketti bu dəfə bir qədər geri çəkilib, doğma mövqeyi olan dayaq yarımmüdafiəçisi qismində çıxış edəcək. İspaniyalı Markos Qullon da ona yaxın oynayacaq. Lakin “Qəbələ”nin hücumları zamanı müdafiəçilərdən öncə əsas iş Sakkettinin üzərinə düşəcək.
Hücumameyilli yarımmüdafiəçi Aleks da Silvanın Kiprdəki oyunu məşqçilər korpusunu qane etməyib. Bu səbəbdən də Bakıdakı görüşün start heyətində Farli Rosa meydançaya çıxa bilər. Ancaq braziliyalı da Silvanın həmyerlisindən daha təcrübəli olması Emanueli seçim qarşısında qoyur. Rəqib və azarkeş təzyiqinin olacağını nəzərə alan çalışdırıcı Aleksdən imtina da edə bilmir.
Yerli mətbuat baş məşqçinin hücum xəttində kimi oynatmaqla bağlı qərar verməkdə çətinlik çəkdiyini də yazıb. O, iki futbolçu – yerli Georgios Kolokudias və Fil Dişi Sahilidən olan İbrahim Qneki Quye arasında seçim etməyə çalışır. Kipr millisinin üzvü olan Kolokudias bu mövsüm Avroliqanın ilk 5 matçında 3 qol vurub, 1 məhsuldar ötürmə verib. Kolokudias əla formada olsa da, afrikalı Quye sürəti ilə seçilir. Pedro Emanuel də əks-hücumlar zamanı onun sürətindən yararlanmaq fikrindədi.
“Apollon”un məşqçilər korpusu digər mövqelərdə dəyişiklik etmək niyyətində deyil.
Qeyd edək ki, “Qəbələ” – “Apollon” oyunu sabah “Bakcell Arena”da keçiriləcək. Bu komandalar arasında Kiprdə baş tutan ilk matç 1:1 hesabı ilə nəticələnmişdi.