“Çox gərgin oyun oldu. Son vaxtlar belə maraqlı, mübariz oyun olmamışdı”. Apasport.az saytı xəbər verir ki, bu sözlər “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanova məxsusdu.
Azərbaycan Premyer Liqasının XXV turunda “Qəbələ”ni qəbul edən Ağdam təmsilçisi 0:0 hesablı heç-heçə edərək, sona 3 tur qalmış rəqibi ilə aradakı 4 xallıq fərqi qoruyub.
Qarşılaşmadan sonra keçirilən mətbuat konfransında Qurbanov fikrini bu sözlərlə davam etdirib: “Hər iki komanda qələbəyə oynadı. Futbolçularımız belə məsuliyyətli matçda özlərini yaxşı tərəfdən göstərdilər. Diqqətimiz qarşıdakı görüşlərədi”.
- Qəbələdəki oyunların birindən sonra Dino Ndlovu demişdi ki, Suraxanıdakı matçda stadionu rəqib üçün cəhənnəmə çevirəcəyik. Buna nə qədər nail oldunuz?
- Bura Suraxanı deyil, Tofiq Bəhramov adına Respublika stadionudu (gülür).
- Bu mövsüm çempionat daha tez bitəcək. Təlim-məşq toplanışı ilə bağlı planlarınız varmı?
- Hələ bu barədə düşünmürəm. Bəlkə də, belə gərgin çempionat olmamışdı. Avrokubok matçlarının çoxunda belə gərgin olmamışam. Açığı, mən istərdim ki, 8 yox, 16 komandalı çempionat keçirilsin. Amma reallığı da nəzərə almaq lazımdı. AFFA rəhbərliyi də 8 komandanın az olduğunu bilir. Amma onlardan asılı olmayan səbəblər də var. Bu fasilə futolçulara yaxşı istirahət şəraiti yaradacaq. Futbolçular 4 il ərzində çox sıx qrafiklə oynadılar. Bugünkü zədələr elə-belə deyil. Hamısı yüklənmədən, gərginlikdən yaranır. Yaxşı istirahətə ehtiyac var. Son görüşdən sonra 3-5 gün ərzində düşünəcəyik toplanış məsələsini.
- Riçard Almeydanın durumu nə yerdədi?
- Ağrıları azalıb. Vəziyyəti normaldı. Qarşıda hələ bir neçə gün vaxtımız var. “İnter”lə oyuna yetişə bilər.
- Mövsümün sonunda heyətdə ciddi dəyişiklik olacaqmı?
- Dəyişikliklər olacaq. Çalışacağıq futbolçularımızın sayını artıraq.
- Qara Qarayevin müqavilə müddəti mövsümün sonuna qədərdi. Onun gələcək taleyi necə olacaq?
- Qara qarabağlıdı. Müqavilə ilə bağlı problem yoxdu. Ümumiyyətlə, müqavilə yenilənəcək futbolçular çoxdu. Amma buna görə narahat deyilik. Çünki futbolçular bizə, biz də onlara güvənirik.