Liderlə qarşılaşan və hesabı açan “Kəpəz” üstünlüyünü fasilə ərəfəsində əldən verdi. İkinci hissədə buraxdığı qolla məğlub olan Gəncə təmsilçisi turnir cədvəlində irəliləmək fürsətini də əldən vermiş oldu. Oyundan sonra apasport.az saytına müsahibə verən “Kəpəz”in hücumçusu Julian Ebah təəssüfləndiyini də gizlətmədi.
- Hesabı açmağınız, fasiləyə heç-heçə yollanmağınız azarkeşlər üçün sürpiz oldu. Bəs bunu sona qədər davam etdirməyə nə mane oldu?
- Futbolda belə hallar çox olur. Bəzən ardıcıl qollar vuran komanda belə üstünlüyünü sonradan əldən verir. Qarşımızdakı Azərbaycanın ən yaxşı, güclü klublarından biri idi. Heyətlərində kifayət qədər güclü, fərdi keyfiyyətləri ilə seçilən futbolçular yer alıb. Bu gün biz çalışdıq ki, müəyyən epizodlarda yaxşı oynayaq. Bəzən istəyimiz alınırdı və bunun sayəsində hesabı da açdıq. Yenə deyirəm, ən yaxşı heyətə qarşı oynadığımızı unutmamaq lazımdı. Buraxdığımız ilk qoldan sonra hücum qura bilmədik. Halbuki biz fasiləyə hesabda üstün yollansaydıq, ikinci hissəyə daha yaxşı başlamaq mümkün idi. Amma fasilədən sonra rəqib qələbə topunu vurdu. Bundan sonra da, mübarizəni dayandırmadıq. Sadəcə, hücumlarımızı realizə edə bilmədik.
- Hətta son dəqiqlərdə qapıçı ilə üzbəüz qalsanız da, “çərçivə”yə düşə bilmədiniz. Tələsdiniz?
- Bəli, əla şans yaxalamışdım. Oyunun elə ani idi ki, qol vursaydım, rəqibin yenidən üstünlük qazanması üçün zamanı olmayacaqdı. Çox pis zərbə endirdim. Həmin anda qüvvətli zərbə vurmağa qərar verdim. Bəlkə topu qapıçının başı üzərindən də atmaq olardı. Futboldu, bu gün uduzduq. İndi bizi qarşıda vacib oyun gözləyir. Diqqətimizi həmin matça yönəltməliyik.
- “Neftçi” ilə oyunda necə, sürpriz etməyi bacaracaqsınızmı?
- Bu oyun bizim üçün çox vacibdi. Bu gün komanda olaraq uduzduq. Məğlubiyyəti fərdiləşdirməyin əlehinəyəm. Təbii ki, hər kəs qələbə qazanmaq istəyir. “Neftçi”ni öz meydançamızda qəbul edəcəyik. Ora bizim qalamızdı.
- Riyazi baxımdan avrokuboklara yollanmaq üçün şansınız qalsa da, faktiki olaraq bunu bacaracağınız real deyil...
- Məncə də, bizim avrokuboklara vəsiqə qazanmağımız real deyil. “Zirə” bu gün heç-heçə etdi, ancaq şansımız çox azdı. Sona qədər mübarizəmizi davam etdirəcəyik. Ən azı gələcəyimiz üçün bunu etməliyik.
- Gələcəklə bağlı planlarınız bəllidirmi?
- Bu haqda danışmaq tezdi. Çempionatdan sonra ailəmlə birgə dincələcəm. Əlbəttə, karyeramı davam etdirəcəm və necə seçim edəcəyim o zaman məlum olacaq.