[b]“Avrokuboklardan daha çox həzz almaq fikrindəyik” - Oliver Lederer[/b]
19.07.2016 - 15:01
[b]“Avrokuboklardan daha çox həzz almaq fikrindəyik” - Oliver Lederer[/b]

“Avropa Liqasında mümkün qədər irəliləmək niyyətindəyik. Çünki avrokuboklardan daha çox həzz almaq fikrindəyik”. Apasport.az saytının məlumatına görə, bu sözləri Avstriyanın “Admira” klubunun baş məşqçisi Oliver Lederer deyib.

 

Avropa Liqasının II təsnifat mərhələsinin sabah keçiriləcək “Kəpəz”lə matçı haqda danışan mütəxəssis evdəki 1:0 hesablı qələbəyə baxmayaraq, növbəti raunddakı rəqib haqda fikir bildirməyin tez olduğunu düşünür: “İndidən Çexiya “Slovan”ı haqda danışmaq mənim tərəfimdən hörmətsizlik olardı. İndi yalnız “Kəpəz”i düşünməliyik. Bu komanda ötən mərhələnin “Daçiya” ilə ev qarşılaşmasında daha hücumameylli oynayıb. Onların öz meydanında belə mübarizə apardığını nəzərə alsaq, bizi çətin matç gözləyir. Amma yetirmələrim öz futbolunu nümayiş etdirməyə çalışacaq. Düşünürəm ki, mərhələ keçmək üçün yaxşı imkanlarımız var. Lakin bu mərhələdə “ilişməyimiz” də istisna deyil”.

 

Lederer “Kəpəz”in ev oyunlarını Gəncədə deyil, Bakıda keçirməsinə də münasibət bildirib: “Şadıq ki, Bakıda oynamaq imkanı əldə etmişik. Bu, bizim üçün avtobusla üçsaatlıq yoldan qurtulmaq deməkdi. Avrokubokların hər mərhələsi yeni çağırışdı. Bu dəfə necə olacağını görəcəyik. İlk qarşılaşmada istəyimizə çatmışıq. İndi bu üstünlüyün əhəmiyyət kəsb etmədiyini desək, bir az absurd alınar”. 

 

Qeyd edək ki, “Kəpəz” – “Admira” oyunu “Dalğa Arena”da keçiriləcək.

0