[b]“Azərbaycan kubokunu “Mançester Yunayted”ə qurban vermək olmaz”[/b]
04.12.2015 - 12:41
[b]“Azərbaycan kubokunu “Mançester Yunayted”ə qurban vermək olmaz”[/b]

“Qarşılaşmanın həmin vaxta salınması bütün atmosferi korladı. Sonradan məlum oldu ki, “Mançester Yunayted” akademiyasının uşaqları orda ödənişli məşq keçirlər. Ona görə də “Rəvan” rəhbərliyi görüşü saat 8-ə salmışdı”. Bunu apasport.az saytına “Bakı” klubunun icraçı direktoru Yaşar Seyidov deyib.

 

Azərbaycan Kubokunun 1/8 final mərhələsində “Rəvan”la qarşılaşan I divizion təmsilçisi “Bakı” minimal hesabla (0:1) məğlub olaraq mübarizəni dayandırıb. Görüşlə bağlı fikirlərini bildirən Seyidov ilk növbədə “Rəvan” rəhbərliyini günahlandırıb: “Belə hava şəraitində normal futbol oynamaq mümkün deyildi. Bayıl qəsəbəsi dənizə yaxındı, küləkli hava hökm sürürdü və sulu qar yağırdı. Bundan sonra diqqətli olmalarını məsləhət görürəm. Bir məşqə görə Azərbaycan kubokunun oyununu saat 8-ə salmazlar. Ölkə kubokunu “Mançester Yunayted” akademiyasının bir məşqinə qurban vermək olmaz. O məşqi bir az tez də edə bilərdilər. “Rəvan”da çıxış edən 6 futbolçu bizim yetirməmizdi. Biz onları da düşünürük”.

 

“Bakı” rəhbərliyini narazı salan məqamlardan biri də baş hakim Əliyar Ağayevin oyunun əsas vaxtına bir dəqiqə də artırmamağı olub. İcraçı direktor bu məsələ ilə bağlı belə danışıb: “Əliyar Ağayev ümumilikdə oyunu normal idarə etdi. Yeganə etirazımız ikinci hissədə bir neçə dəfə oyun dayanmasına baxmayaraq, əlavə vaxtın olmaması ilə bağlıdı. Dörd əvəzləmə oldu, həkimlər iki dəfə meydançaya daxil oldular və iki dəfə də külək reklam bannerini meydançaya tərəf aşırdı. Bu qədər oyun dayansa da, əlavə vaxt olmadı. Üstəlik, son dəqiqələrdə komandamız rəqibi öz qapısına tərəf sıxmışdı. Sonradan məlum oldu ki, hava o qədər soyuq idi ki, futbolçular çox əziyyət çəkiblər. Hamısı hava şəraiti ilə əlaqədar gərgin anlar yaşayıblar. Təsəvvür edin, 90 dəqiqə 1:1 hesabı ilə başa çatsaydı, oyun gecə saat 12-yə kimi davam edəcəkdi”.

 

Seyidovun fikrincə, “Rəvan”ın qol vurduğu epizodda qayda pozuntusu olub: “Əliyar Ağayevlə bağlı 2013/14 mövsümündə “Qarabağ”la görüşdə problemimiz yaranmışdı. Həmin insidentdən sonra bizim görüşlərə təyinat almamışdı. Dünənki qarşılaşmada rəqibin qol vurduğu hücum zamanı da qayda pozuntusu var idi. Bütün bunları deməklə məğlubiyyətin günahını hakimin üstünə yıxmaq istəmirəm. Məğlubiyyətə görə biz hakimi qınamırıq”.