[b]“Azərbaycan sübut etdi ki, yaxşı komandadı”[/b]
11.05.2016 - 10:42
[b]“Azərbaycan sübut etdi ki, yaxşı komandadı”[/b]

“Azərbaycan millisi əsl gücünü Belçika ilə görüşdə sübut etdi”. Apasport.az saytının məlumatına görə, bu sözlər Şotlandiyanın 17 yaşadək futbolçulardan ibarət yığmasının üzvü Kayl MakAllister deyib.

 

Bakıda keçirilən Avropa çempionatında şotlandlar qrupdakı sonuncu oyunlarını bu gün Azərbaycan millisinə qarşı keçirəcəklər. İlk 2 görüşdə məğlubiyyətlə üzləşən Britaniya təmsilçisi yığmamızla matçdan qələbə ilə ayrılmaq arzusundadı.

 

Ölkəsinin mətbuatına açıqlama verən MakAllister yığmamızı tərifləsə də, meydana qalibiyyət üçün çıxacaqlarını bildirib: “Azərbaycan yığması yaxşı komandadı. Ancaq biz də öz gücümüzə inanırıq. Matçın çətin keçəcəyini bilirik. Bununla belə, meydanı qələbə ilə tərk edəcəyimizi düşünürəm. Azərbaycanla görüşdə hər şeyə hazır olmalıyıq. Əgər Belçika ilə oyundan xalla ayrıla bilsəydik, qrupdan çıxmaq şansımız olacaqdı. İstənilən halda, Avropa çempionatında iştirak böyük təcrübə deməkdi. Başqa millilərə qarşı oyunlarda futbolçu öz səviyyəsini artırır”.

 

MakAllisterin fikrincə, 8-ci km qəsəbə stadionunda baş tutacaq görüşdə anşlaq olacaq: “Azərbaycanla oyunumuzda stadionda böyük azarkeş kütləsi ola bilər. Rəqibin oyunçuları bundan maksimum istifadə etməyə çalışacaqlar. Lakin belə hallar mənim üçün adiləşib. Əvvəl çoxlu azarkeş qarşısında oynayanda çətin olacağını düşünürdüm. Amma meydana çıxan kimi hər şeyi unudursan, fikrin matça yönəlir. Onda azarkeşlərə heç baxmırsan da”.

 

Qeyd edək ki, ilk 2 turdan sonra Portuqaliya 6 xalla 1-ci, Belçika 4 xalla 2-ci, Azərbaycan 1 xalla 3-cü, aktivində xal olmayan Şotlandiya isə sonuncu pillədə qərarlaşıb. 

0