“Azərbaycan və Moldova yığmalarının oyunu həmişə maraqlı keçib. Bu dəfə də elə olacağına əminəm”. Bu sözləri apasport.az saytına açıqlamasında Moldova yığmasının sabiq futbolçusu Vyaçeslav Sofroni deyib.
Yanvarın 25-də Antalyaya yollanacaq millimiz yeni baş məşqçi Qurban Qurbanovun rəhbərliyi altında ilk oyununu ayın 30-da Moldovaya qarşı keçirəcək.
2010-2011-ci illərdə Azərbaycan çempionatında, “Bakı” klubunda oynamış Sofroni bu görüşlə bağlı fikirlərini bildirib.
Yoxlama matçının hər iki komandaya faydalı olacağını deyən forvard proqnoz verməkdən çəkinib: “Azərbaycan yığması gözəl, texnikalı futbol oynayır. Eyni sözləri Moldova millisinə də aid edirəm. Bu da hər iki komandada ustalıq səviyyəsi yüksək olan futbolçuların varlığı ilə əlaqədardı. Deməli, yoldaşlıq matçı olsa belə, maraqlı keçəcək. Belə görüşlərdə nəticə önəm kəsb etmir. Bununla belə, hər kəs yeni ilə qələbə ilə başlamaq istəyir. Kimin qalib gələcəyini isə deyə bilmərəm (gülür)”.
Qeyd edək ki, hazırda ölkəsinin “Spikul” klubunda oynayan 33 yaşlı futbolçu Moldova yığmasında 9 matçda 2 qola imza atıb.