“Halkla sadəcə meydandakı anları müzakirə edirdik. Onunla matçın gedişi haqda danışırdıq. Təəssüf ki, mən bu gün fərqlənə bilmədim”. Apasport.az saytının məlumatına görə, bu sözləri Rusiya "Zenit"inin futbolçusu Ramil Şeydayev deyib.
Azərbaycan əsilli 18 yaşlı hücumçu Rusiya çempionatının XVIII turu çərçivəsində evdə “Ural”la (3:0) görüşdən sonra fikirlərini bildirib. Şeydayev milli komandamızdan daha təklif almadığını vurğulayıb: “Azərbaycan yığmasından daha mənimlə əlaqə saxlayan yoxdu. Hazırda Rusiyanın gənclərdən ibarət millisində oynamağa hazırlaşıram".
Xatırladaq ki, Ramil “Ural”la matçda meydana 86-cı dəqiqədə daxil olub.
Qeyd edək ki, bir müddət əvvəl Şeydayevin adı milli komandamızla hallanırdı.