“Azərbaycanın qrupdakı bütün oyunlarına baxmışıq. Rəqibin bu matça necə hazırlaşdığını onların baş məşqçisi daha yaxşı bilər”. Apasport.az saytının məlumatına görə, bunu Şimali İrlandiya yığmasının baş məşqçisi Maykl Onil deyib.
Britaniya təmsilçisi DÇ-2018-in seçmə mərhələsi çərçivəsində sabah Azərbaycan millisinin qonağı olacaq.
Matç öncəsi təşkil edilən mətbuat konfransında Onil oyuna hazır olduqlarını bildirib: “Biz rəqibi yaxşı təhlil etmişik. Onlar Almaniya ilə görüşün ilk 30-35 dəqiqəsini yüksək səviyyədə keçirmişdilər. Sabahkı qarşılaşmaya tam hazırıq”.
- Yerli mətbuata açıqlamanızda Riçard Almeydanın adını xüsusi vurğulamışdınız. Ondan çəkinirsiniz?
- Almeydanın klubundakı oyunlarını izləmişik. Azərbaycan millisində debüt edəcək. Amma Şimali İrlandiya yığmasının üzvləri də Premyer Liqada çıxış edirlər. Onlar braziliyalıya qarşı xüsusi mübarizə aparacaq gücdədilər.
- Hava şəraitinin isti olması sizin üçün nə dərəcədə ciddi problemdi?
- Hava yaxşıdı, sərindi. Türkiyədə eyni hava şəraiti olduğu üçün bunun bizə problem yaradacağına inanmıram.
- Belfastdakı oyunu Bakıda da göstərə biləcəksinizmi?
- Sabahkı matçda fiziki və taktiki hazırlıq çox önəmli olacaq. Belfastdakı görüşdə qol buraxmadan qələbə qazandıq. Bakıda da bunu təkrarlayacaq gücdəyik. Amma Azərbaycan yığması da sabahkı matça daha yaxşı hazırlaşıb. Onlar da qrup ikinciliyi üçün yarışırlar.
- Azərbaycan millisinin hansı mövqeyini daha güclü hesab edirsiniz?
- Təkcə Almeyda haqda danışmağım digərlərinə hörmətsizlik olar. Bundan başqa, Dmitri Nazarov, Ramil Şeydayev, Ruslan Qurbanov, Rahid Əmirquliyevin adını qeyd edə bilərəm. Azərbaycan klublarının avrokubok matçlarını izləmişik. “Qarabağ”ın iki il əvvəl Çempionlar Liqasında “Seltik”lə görüşünə baxmışam. Yaxşı mübarizə aparmışdılar. Avrokubok təcrübəsi futbolçular üçün müsbət haldı.