“Son illər afrikalı futbolçuların Avropaya axını artmaqdadı. Bu da qitəmizdə futbolun necə inkişafda olduğunu göstərir”. Apasport.az saytının məlumatına görə, bu sözləri Syerra-Leone Futbol Assosiasiyasının prezidenti İşa Yohansen deyib.
Qurum rəhbəri söhbət əsnasında Azərbaycana gələn həmyerlilərinə də toxunub: “Keçmişdə Avropada afrikalı oyunçuların sayı o qədər də çox deyildi. Amma indi hətta nəhəng klublarda da afrikalıların önəmli sima olduqları görünür. Bununla yanaşı, başqa ölkələrdə də həmyerlilərimiz var. Məsələn, İsveç, Finlandiya, Belarus, Kipr və Azərbaycandakı afrikalılar da özlərini göstərməyi bacarırlar. Onlar Afrika futbolunun güzgüsüdü”.
Qeyd edək ki, hazırda 9 afrikalı futbolçu karyerasını Azərbaycanda davam etdirir. Bunlar Ekiqo Ehiosun, Viktor İbekoyi (hər ikisi Nigeriya), Viktor Mendi (Seneqal), Julius Vobay, Alfred Sanko (hər ikisi Syerra-Leone), Ernest Nfor (Kamerun), Sadio Tounkara (Mali), Patrik Osiako (Keniya), Freddi Mombonqodu (Konqo).