[b]“Azərbaycan klublarında olan infrastruktur Ukraynanın bir çox komandasında yoxdu”[/b]
15.12.2015 - 10:23
[b]“Azərbaycan klublarında olan infrastruktur Ukraynanın bir çox komandasında yoxdu”[/b]

“Ukrayna futbolunda hazırda geriləmə müşahidə olunur. Amma bu vəziyyətdə belə, futbolumuz Azərbaycan futbolundan güclüdü”. Apasport.az saytının məlumatına görə, bunu “Zarya” klubunun baş məşqçisi Yuri Vernidub deyib.

 

“Qəbələ”də çıxış edən Vitali Vernidubun atası bu klubun ünvanına tərif yağdırıb.

 

O, “Qəbələ”dəki şəraitin Ukraynanın bir çox Premyer Liqa komandasında olmadığını söyləyib: “Ümumiyyətlə, Azərbaycanın bəzi klublarında olan infrastruktur Ukraynanın bir çox komandasında yoxdu. O ki qaldı “Qəbələ”yə, kifayət qədər ciddi və iddialı klubdu. Onlar boş yerə komandanın “sükanı arxası”na Roman Qriqorçuku gətirməyiblər. Hər cür şərait də yaradıblar. Orda 4 yaxşı meydança və 1 üstü qapalı süni örtüklü meydança gördüm. Üstəlik, o qədər də böyük olmayan, amma gözəl stadionları da var. Futbolçuların məskunlaşması, yaşaması üçün əla şərait yaradılıb, heç bir problemləri olmur. Klubun maliyyə durumu da çox yaxşıdı”.

 

“Qəbələ” və “Qarabağ”ın Avropa Liqasındakı çıxışını dəyərləndirən Yuri Vernidub komandalarımızın layiqli çıxış etdiklərini bildirib: “Azərbaycanın iki komandası Avropa Liqasının qrup mərhələsində mübarizə apardı. “Qarabağ” növbəti mərhələ şansını son tura qədər saxladı. “Qəbələ” isə qrupa düşmək üçün 4 mərhələ keçdi. Bəli, onlar “Borussiya” (Dortmund), “Krasnodar” və PAOK kimi komandaların yer aldığı güclü qrupa düşmüşdülər. Ağır oyunlar olsa da, layiqli mübarizə apardılar. Amma həm “Qəbələ”, həm də Azərbaycan futbolu üçün əvəzolunmaz təcrübə topladılar”.

 

Təcrübəli mütəxəssis son olaraq oğlu Vitalinin “Qəbələ”dəki çıxışını dəyərləndirib. Yuri Vernidubun fikrincə, oğlunun müntəzəm oynamamağının səbəbi hələ də Azərbaycana uyğunlaşmamağıdı: “Oğlum ilk 6 ayda uyğunlaşma dövrü keçdi. Bəzən oynadı, bəzən isə ehtiyatda qaldı. Başqa ölkəyə gedən istənilən şəxsin uyğunlaşmaq üçün zamana ehtiyacı olur. Fikrimcə, hər şey gözəl olacaq. Hazırkı duruma görə onu qınamıram. O, möhkəm insandı, öz taleyini dəyişəcək gücdədi. Mən oğlumla fəxr edirəm. O, əsl peşəkardı”.

 

Qeyd edək ki, cari mövsümün əvvəlində “Zarya”dan “Qəbələ”yə keçən Vitali Vernidub bu müddət ərzində “qırmızı-qaralar”ın heyətində 15 oyun keçirib, 7 sarı vərəqə alıb.