[b]“Bakı”nın sabiq futbolçusu: O, hərəmizə 2000 dollar mükafat verdi[/b]
04.01.2015 - 17:18
[b]“Bakı”nın sabiq futbolçusu: O, hərəmizə 2000 dollar mükafat verdi[/b]

“Mənim Azərbaycana gedişim anidən alındı. Oynadığım birinci ayımdaca çox yaxşı göstəricilərim oldu. Komandanın ən yaxşı bombardiri və ayın oyunçusu seçildim. Uyğunlaşma dövrü keçməyə vaxt olmadı. İlk gündən nəyim varsa, verməyə başladım. Lakin yaxşı dövrdən sonra xoşagəlməz hadisə baş verdi. Baş məşqçimiz dəyişdi və dərhal zədəlıəndim. Bundan sonra əvvəlki formama qayıtmaq çox çətin oldu. Təəssüf ki, yeni baş məşqçidən heç bir lazımi dəstək almadım”. Apasport.az saytının məlumatına görə, bu sözləri Rumıniyanın "Konkordia" klubunda forma geyinən "Bakı"nın sabiq futbolçusu Marius Pena deyib.

 

29 yaşlı rumıniyalı hücumçu ölkəsində verdiyi müsahibəsində Azərbaycandakı karyerasından söhbət açıb: “Bakı”da legionerlərə yerlilərdən çox təzyiq göstərilirdi. Lakin orada çoxlu sayda əməkdaş, mütəxəssislər vardı. Azərbaycan kubokunun yarımfinal mərhələsində "Xəzər Lənkəran"la cavab görüşündən sonra tənqidlərə məruz qaldım. Bu, məni bir qədər ruhdan saldı. Lakin Azərbaycana gedənlər inanmalı və əlavə qazanca ehtiyacı olduğunu göstərməlidi. Belədə həmin ölkədə futbol oynamaq yaxşı variantdı. Azərbaycanda idmana, əsas da, futbola böyük sərmayələr qoyulur. Tanınmış baş məşqçilər, oyunçular cəlb olunur. Bunlar növbəti illərdə özünü Avropa miqyaslı yarışlarda da göstərəcək”.

 

O, “Bakı”nın prezidenti Hafiz Məmmədovdan da danışıb: “O, öz işi ilə çox məşğul idi. Bir dəfə də yadıma gəlmir ki, o, bizimlə görüşsün, yanaşı otursun. Oyunlara gələndə də stadiondakı otağından baxar, heç vaxt paltardəyişmə otağına girməzdi. "Neftçi"ni 3:0 hesabı ilə məğlub etdiyimiz görüşdən sonra o, otağının balkonuna çıxdı və bizə əl yellədi. Sonra da sözünü yerinə yetirdi. Hərəmizə 2000 dollar mükafat verdi. Lənkəranda uduzduğumuz qarşılaşmadan sonra isə o, yaxşı oynadığımızı, amma hakimin səhvləri üzündən yenildiyimizi bildirdi”.