“Bakı”dan hələ ayrıla bilməmişəm. Transfer vərəqəm klubdadı. Ona görə də, heç bir komanda ilə danışıq apara bilmirəm”. Bu sözləri apasport.az saytına açıqlamasında gənc hücumçu Rəhman Hacıyev deyib.
Mövsümün əvvəlində “Qaziantep BB”yə icarəyə verilən Rəhman artıq Türkiyə klubundan ayrılıb. Müqavilə ilə “Bakı”ya məxsus olan Hacıyev hər şeyin “zolaqlılar”ın prezidenti, "Hafka" ləqəbli iş adamı Hafiz Məmmədovdan asılı olduğunu deyib: “Bakı”da qalardım. Amma bir şərtlə ki, klubun maddi durumu qaydasında olsun. Hazırkı vəziyyətdə orda oynamaq çətin olar. Yəqin Hafiz müəllim məni başa düşər. Ümid edirəm ki, transfer vərəqəmi özümə qaytararlar”.
21 yaşlı futbolçunun adı son vaxtlar “Neftçi” ilə birgə hallanır. Hətta onun paytaxt klubu ilə anlaşdığı da deyilir. Lakin Rəhman özü bunun doğru məlumat olmadığını bildirib: “Düzdü, “Neftçi”dən təklif almışam. Həmçinin, başqa yerlərdən də dəvətlər var. Amma mən nə “Neftçi”yə, nə də digərlərinə cavab vermişəm. Əvvəlcə “Bakı”dan vərəqəmi alım, sonra təkliflərə baxaram”.
Qeyd edək ki, Rəhman Hacıyevin “Bakı” ilə müqaviləsinin sonuna hələ 2 il vaxt qalır.
Ruslan SADIQOV