“Yuventus”un müdafiəçisi Leonardo Bonuççi Çempionlar Liqasının 1/4 final mərhələsindəki rəqibləri “Barselona” haqda danışıb. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, 30 yaşlı futbolçu komandasının yarımfinala vəsiqə şansını yüksək qiymətləndirib.
Bonuççi həmçinin 2014/15 mövsümünün finalında məğlub olduqları Kataloniya klubunun həmin vaxt daha güclü olduğunu düşünür.
İtaliya millisinin üzvü hazırda Çempionlar Liqasının favoriti qismində isə “Bavariya”nı göstərib: “2015-ci ildəki finalda biz təmkinli çıxış edirdik. Ancaq onların Lionel Messi, Luis Suares və Neymarı var idi. Hansı ki, onlar dünyanın ən güclü 10 futbolçusu arasında göstərilirlər. Bizim Qonzalo İquain və Paulo Dibala kimi. “Barselona”nın çox sayda istedadlı futbolçusu var. Biz zonaları yaxşı bağlamaq məcburiyyətindəyik. Fikrimcə, müdafiə xəttimiz onların müdafiəsindən güclüdü. Çünki biz uzun illərdi birlikdə çıxış edirik. İki oyundan ibarət olan mərhələlərdə səfər qolu çox vacibdi. Evdə isə etibarlı müdafiə çox önəmlidi. Topu nə qədər özümüzdə saxlasaq, rəqibin cəsarəti azalar. Hesab edirəm ki, indiki “Barselona” 2015-ci ildəki komandadan heç də güclü deyil. Mənə görə, Çempionlar Liqasının ən güclüsü “Bavariya”dı. Məncə, onlar “Barselona”ya kataloniyalıların PSJ ilə matçda reallaşdırdığı geridönüşə imkan verməzlər”.
Qeyd edək ki, sabah keçiriləcək “Yuventus” – “Barselona” qarşılaşması Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.