“Bosniya və Herseqovina millisinin məşqçisi postundan ayrılandan sonra bir sıra təkliflər almışam”. Apasport.az saytının məlumatına görə, bu sözləri Bosniya və Herseqovina millisinin sabiq futbolçusu və məşqçisi Elvir Baliç deyib.
Yığmada Safet Suşiçin köməkçisi olan çalışdırıcı millidəki fəaliyyəti başa çatdıqdan sonra işsizdi. Baliç yeni iş yerində də yığmadan birgə ayrıldıqları həmyerlisinin köməkçisi olmaq niyyətindədi: “Sişiçlə birlikdə Türkiyə təmsilçisi “Çaykur Rizəspor”u çalışdırmağa yaxın idik. Lakin ora getməyimiz son anda alınmadı. Bəzi Azərbaycan klublarından da məşqçiliklə bağlı təkliflər aldım. Amma düzünü deyim ki, bu təkliflər o qədər də cəlbedici görünmədi. Türkiyədə ya da futbol baxımından öndə olan digər ölkələrdən birində, hədəflərə malik ciddi klubda çalışmaq istəyirəm”.
Qeyd edək ki, Baliç karyerası ərzində “Real”, “Qalatasaray” və “Fənərbaxça” kimi klublarda da çıxış edib.