[b]“Borussiya” “Qəbələ” önünə hansı heyətlə çıxacaq?[/b]
05.11.2015 - 12:23
[b]“Borussiya” “Qəbələ” önünə hansı heyətlə çıxacaq?[/b]

Avropa Liqasının qrup mərhələsində bu gün “Qəbələ”ni qəbul edəcək Dortmund “Borussiya”sı meydançaya ideal heyətlə çıxmaya bilər. Apasport.az saytının məlumatına görə, Almaniya mətbuatı baş məşqçi Tomas Tuhelin heyətdə eksperiment aparacağını güman edir.

 

Almanların iddiasına görə, Tuheli həftəsonu “Şalke”yə qarşı keçiriləcək Bundesliqa matçı düşündürdüyündən, gənc mütəxəssis bir neçə aparıcı oyunçuya bu gün istirahət imkanı verəcək.

 

Qapı xəttində əsas qolkiper Roman Vaydenfeller iş başında olacaq. Bakıda müdafiənin mərkəzində yer alan Mats Hummelslə Sokratis Papastatopulosdan ən azı birinin ehtiyatda qalacağı gözlənilir. Çünki Tuhel digər futbolçu Sven Benderi oynatmaq fikrindədi. Hətta ona Mattias Ginter tərəfdaşlıq edə bilər. Sağ cinahda Lukas Pişek, solda isə Marsel Şmeltserin iştirakı ehtimal edilir.

 

Həmkarlarımız Tuhelin ən çox orta sahədə dəyişikliklər edəcəyini ehtimal edirlər. Belə ki, 42 yaşlı mütəxəssis İlkay Gündoğanla Şinjio Kaqavanı “Şalke” ilə matça saxlamağı planlaşdırır. Belə olarsa, yarımmüdafiə xəttində Adnan Yanuzayla Qonzalo Kastroya şans veriləcək. Hətta gənc Yulian Veyqlin də iştirakı istisna deyil.

 

İrəlidə yer alacaq Marko Roys – Henrik Mxitaryan – Pyerr-Emerik Obameyanq “trio”suna geridən kimlərin dəstək verəcəyi maraqla gözlənilir.

 

Qeyd edək ki, “Siqnal İduna Park”da keçiriləcək “Borussiya” – “Qəbələ” oyunu Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.