[b]Kaue da Silva: Bu, bizim üçün qəbuledilməzdi – MÜSAHİBƏ[/b]
18.01.2016 - 12:10
[b]Kaue da Silva: Bu, bizim üçün qəbuledilməzdi – MÜSAHİBƏ[/b]

“Neftçi”nin yarımmüdafiəçisi Kaue da Silva Bakıda təşkil edilən turnir çərçivəsində “Neftçala” ilə oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. Apasport.az saytının əməkdaşının da iştirak etdiyi müsahibədə braziliyalı futbolçu maraqlı məqamlara toxunub.

 

- İştirakçısı olduğunuz turniri də komandanın hazırlığının bir hissəsi hesab etsək, təlim-məşq toplanışının gedişatı ilə bağlı nə deyə bilərsiz?

- Turnirdə iştirak etməyimizin hazırlığımıza müsbət təsiri var. Keçirdiyimiz oyunlar mövsümün ikinci hissəsinə hazır olmağımıza kömək edəcək. Ağır məşqlərdən əlavə, yorğunluq fonunda oyunlarımızı keçiririk. Hazırlığımızı planlaşdırılmış şəkildə davam etdiririk. Qarşıda 2 həftə vaxtımız var. Məncə, hər şey yaxşı olacaq.

 

- Turnir çərçivəsində keçirdiyiniz 2 oyunda komanda yoldaşlarınızdan 3-ü qırmızı vərəqə alıb. Bu, intizamsızlığın, yoxsa yorğunluğun nəticəsidi?

- Əlbəttə, bu göstərici bizim üçün qəbuledilməzdi. Kamal Qurbanov oyun epizoduna görə ikinci sarı vərəqə ilə cəzalandırıldı. Amma son iki qırmızı vərəqə hakimlə danışığa, onun qərarına etiraza görə alındı. Bunun üzərində fikirləşməli, rəsmi oyunlarda belə səhvlərə yol verməməliyik.

 

- “Neftçi” adətən təlim-məşq toplanışını ölkə xaricində reallaşdırırdı. Amma bu dəfə Bakıda qalası oldunuz. Bu, hazırlığınıza necə təsir edəcək?

- Cüzi fərq var. Antalyada rəqiblər arasında seçim imkanı daha geniş olur. Yenə deyirəm, bu, ciddi fərq yaratmır.

 

- Sizdən fərqli, əsas rəqibləriniz ölkə xaricinə yollandı. Onların “Neftçi”dən daha yaxşı hazırlıq keçəcəyini düşünürsüzmü?

- İndi buna fikir verməməli, bütün diqqəti oyunumuza yönəltməliyik. Rəqiblərimizin hara getdiyinə, kimlərlə oynadığına diqqət yetirməməliyik. Yaxşı hazırlaşmalı, oyunlardan maksimum yararlanmalıyıq.

 

- Qış fasiləsinə 6-cı pillədə yollansanız da, ikinci yerdə qərarlaşan “İnter”dən cəmi 6 xal geri qalırsız. Gedişat bu fərqi aradan qaldırmağa ümid verirmi?

- Əlbəttə, mümkündü. Fasilədən sonra kimin necə oynayacağı hələ bilinmir. Fasiləyə yaxın pis təsir bağışlamadıq. Bəzi xal itkiləri oldu ki, ondan qaçmaq mümkün idi, amma bacarmadıq. Yenə də üzülməyə dəyməz. İrəli baxmalı, oyunumuzu yaxşılaşdırmalıyıq. Bunu bacarsaq, fərqi də aradan qaldırmaq mümkün olacaq.

 

- “Neftçi” adətən avrokuboklara vəsiqə qazanır. Necə fikirləşirsiz, bu dəfə ölkə kubokunu qazanmaqla, yoxsa çempionatda üst sıralardan birini tutmaqla buna nail olacaqsız?

- Hər iki “cəbhə”də mübarizə bizim üçün vacibdi. İlk növbədə çempionatı düşünməliyik. Çalışmalıyıq ki, mövsümü yaxşı yerlərdən birində bitirək. Kuboka da ciddi yanaşmalıyıq.

 

- “Neftçi”də müəyyən çətinliklər yarandı. Əksər legionerlər yola salındı. Amma əvvəlki futbolçulardan Erik Ramosla siz qaldınız. Baş verənlərin fonunda özünüzü necə hiss edirsiniz?

- Özümü yaxşı hiss edirəm. Ramosla mən əvvəlki heyətdən qalan legionerlərik. Hər ikimiz mövsümü yaxşı yerdə bitirmək üçün əlimizdən gələni edirik, edəcəyik də.

 

0