Türkiyənin I dəstəsində mübarizə aparan “Elazığspor” klubunun baş məşqçisi Ümit Özat “Neftçi” ilə keçirilən yoxlama matçından (1:0) sonra apasport.az saytının əməkdaşının suallarını cavablandırıb.
- Azərbaycanın ən titullu klubunu məğlub etdiniz. Bu matç haqda nə deyə bilərsiniz?
- Matçdan əvvəl Azərbaycan xalqı üçün önəmli bir gün olduğunu bilirdik və 20 yanvar gecəsində şəhid olanların xatirəsini 1 dəqiqəlik sükutla yad etdik. Qələbə qazanmağımıza gəlincə, təbii ki, nəticədən məmnunam. Həmyerliniz Cavid İmamverdiyev doğma klubuna qarşı oynadı. Məncə, maraqlı oyun izlədik.
- Təbii ki, bizi Cavidin oyunu da az maraqlandırmır. Onun çıxışını necə dəyərləndirirsiniz?
- Komandamız üçün vacib futbolçudu. Ondan çox şey gözləyirik. Cavidə ümidlərimiz böyükdü. Onun daha yaxşı oyun sərgiləyə biləcəyinə əminəm. Potensialı da buna imkan verir. Əvvəl ailəsi ilə bağlı problemləri var idi. Bəlkə də buna görə özünü yaxşı tərəfdən göstərə bilmirdi. Daha bir azərbaycanlı futbolçu transfer etməyi düşünürük.
- Maraq dairənizdə olan azərbaycanlı futbolçu kimdi?
- Nurlan Novruzovla maraqlanırıq. Onu transfer etmək istəsək də, klubu ilə müqaviləsi var və bu keçid istəyimizin reallaşdırmağa imkan vermir. Çalışmalarımız davam edir. Əgər alınsa, Nurlanı da transfer edəcəyik.
- Bəs Cavid İmamverdiyevin “Neftçi”yə qayıdışı nə dərəcədə real idi?
- Mümkün idi. Çünki futbolçunun ailəsi ilə bağlı problemləri var idi. Təbii ki, ailə hər şeydən önəmlidi. Artıq bu məslə həllini tapdığından, onun “Neftçi”yə qayıtması məsələsi bizim üçün qapanıb.
- “Elazığspor”un Superliqaya yüksəlmək şansı varmı?
- Mövsümə 10 gün qalmış toplandıq. Buna baxmayaraq, I dövrəni yeddinci pillədə bitirməyi bacardıq. Rəqiblərlə başabaş mübarizə apardıq. Əsas üstünlüyümüz komanda oyunu sərgiləməyimizdi. Transfer dövründə isə hələlik bir futbolçu ilə anlaşmışıq. Halbuki, rəqiblərimiz bu işdə bizi qabaqlayır. İndi oturub mövsümün sonu barədə düşünmürük. Hər dəfə yalnız növbəti oyunu fikirləşirik. Son tura qədər mübarizə aparacağıq.
- Əgər komandanız Superliqaya yüksəlsə, Cavid İmamverdiyevi heyətdə saxlayacaqsınız?
- O, mənim və komandam üçün önəmli futbolçudu. Təbii ki, Superliqaya yüksəlsək, Cavid də komandada qalacaq.