[b]“Evimdə Azərbaycan bayrağı var” – Ukrayna yığmasının futbolçusu[/b]
09.04.2016 - 16:33
[b]“Evimdə Azərbaycan bayrağı var” – Ukrayna yığmasının futbolçusu[/b]

“Ötən ay Azərbaycanda keçirdiyimiz təlim-məşq toplanışının bizə çox xeyri dəydi. Azərbaycan yığması ilə keçirdiyimiz yoxlama görüşlərində də qələbə qazanmağımız gücümüzü göstərdi”. Apasport.az saytının məlumatına görə, bunu Ukraynanın 17 yaşadək futbolçulardan ibarət yığma komandasının yarımmüdafiəçisi Sergey Buletsa deyib.

 

May ayında ölkəmizdə keçiriləcək U-17-lər arasında Avropa çempionatına hazırlaşan ukraynalılar Bakıya iddialı gələcəklər. Ukrayna millisi qitə birinciliyində Bosniya və Herseqovina, Almaniya və Avstriya ilə bir qrupda mübarizə aparacaq.

 

Yarış öncəsi yerli mətbuata müsahibə verən Buletsa qrupu dəyərləndirib: “Açığı, mən Portuqaliya ilə bir qrupa düşməyimizi istərdim. Belə güclü rəqiblə qarşılaşmaq əla olardı. Bosniya və Herseqovina, eləcə də Azərbaycana qarşı oynamağa qarşı deyildim. Çünki onlar layiqli rəqiblərdi. Ancaq bu komandalardan yalnız biri bizimlə bir qrupa düşüb. Avropa çempionatında ilk hədəfimiz qrupdan çıxmaq olacaq”.

 

Gənc oyunçu özü üçün kolleksiya yığdığını da əlavə edib: “Hər oyundan sonra çalışıram rəqib komandanın bayrağını özümdə saxlayım. Bayraq kolleksiyası yığacam. Artıq İngiltərə, İsrail və Azərbaycan bayrağı evimdə var”.

 

Qeyd edək ki, martın əvvəllərində yığmamız Bakı Olimpiya Stadionunda Ukrayna ilə 2 dəfə yoxlama görüşündə üz-üzə gəlmişdi. Bu qarşılaşmalarda qonaq komanda müvafiq olaraq 2:0 və 1:0 hesablı qələbə qazanmışdı.

 

0