[b]“Həmin görüşü heç vaxt unutmayacam” – Baqali Dabo[/b]
13.10.2016 - 18:37
[b]“Həmin görüşü heç vaxt unutmayacam” – Baqali Dabo[/b]

“Qəbələ”nin fransalı hücumçusu Baqali Dabo footmercato.net saytına müsahibə verib. Apasport.az-ın məlumatına görə, Azərbaycan çempionatının bombardiri maraqlı fikirlər səsləndirib.

 

- “Qəbələ”yə keçidiniz necə alındı?

- “Kretey”dəki vəziyyət məni qane etmirdi. Özümü daha orda görmürdüm. Fransanın II Liqasından 2 təklifim var idi. Digər təklifləri isə ölkə xaricindən almışdım. Yekunda “Qəbələ”yə keçməyə qərar verdim. Çünki özümü başqa ölkədə yoxlamaq istəyirdim. Komanda Avropa Liqasında (AL) çıxış etməliydi. Mərhələləri keçmək asan deyildi. Oyunlarda maksimum bacarığımı nümayiş etdirmək istəyirdim. Açığı, AL-in qrupunda oynayacağımızı gözləmirdim. Amma öz-özümüzə dedik ki, niyə də bütün təsnifat mərhələlərini keçməyək? Bunun öhdəsindən gəldik.

 

- Avropa Liqasında iştirak sizin üçün çox önəmlidi. Elə deyilmi?

- Bu turnirdə oyunlar keçirdiyimə görə şadam. İlk 2 təsnifat mərhələsində Gürcüstanın “Samtredia” və Macarıstanın MTK klublarını mübarizədən kənarlaşdırdıq. Baş məşqçi məni diqqətlə izləyirdi. Axı ona qədər 1 dəqiqə də olsun, meydana çıxmamışdım. Həmin anda Avroliqa görüşlərində iştirak etdiyim üçün özümdə razılıq hiss etmirdim, amma bu mənim üçün xoş idi. III təsnifat mərhələsində “Lill”lə qarşılaşdıq. Onlarla görüşdə əlavə çətinlik hiss etdik. Çünki rəqibin səviyyəsi daha yüksək idi. Ən yaxşı atmosfer isə “Maribor”la Sloveniyadakı görüşdə oldu. Bu, qrup mərhələsi öncəsi sonuncu matçımız idi. Odu ki, bütün gücümüzü meydanda qoymalı idik. Ya dayanmalı, ya da mübarizəyə davam etməliydik. Həmin görüşlə bağlı xatirələrimi heç vaxt unutmayacam. “Lill”ə qalib gəldiyimiz oyunla müqayisə etsək belə, “Maribor”la matçda özümü daha yaxşı hiss etdim.

 

- Qəbələdə həyatınızı necə keçirirsiz?

- Biz Qəbələdə 5 ulduzlu oteldə yaşayırıq. Burda yaxşı obyektlər var. Çempionata gəlincə, son çempion “Qarabağ” bizimlə birgə turnir cədvəlinin yuxarı pillələrində qərarlaşıb. Ötən mövsüm onlar Avroliqanın qrup mərhələsində çıxış etmişdilər. Bu il hədəflərini bir qədər də böyütmək istəyirdilər, amma yenə AL-in qrupuna düşdülər. “Qəbələ” gücünə görə Azərbaycanda “Qarabağ”dan sonra ikinci komanda sayılır. Bu da onunla əlaqədardı ki, son illərdə bir qayda olaraq, çempionluğu “Qarabağ” qazanır.

 

- Siz orda olduğunuz müddətdə “Qəbələ” komandasında inkişaf hiss etmisiz?

- Mən öz oyunuma fikir verirəm. Çalışıram ki, hücumda əlimdən gələni edim. İndiki məqamda bu məndə çox yaxşı alınır (gülür).

 

- Legionerlərin çox olduğu komandada ünsiyyət qurmaq sizin üçün rahatdımı?

- Əslində, çox rahatdı. Əksər komandalarda legionerlər olur. “Qəbələ” də yerli futbolçularla əcnəbilərin vəhdətindən formalaşıb. Odu ki, bir-birimizlə utanmadan, çəkinmədən ünsiyyət qururuq. Komandada bəziləri ingilis, bəziləri rus, braziliyalılar isə portuqalca danışırlar. Serb, xorvat və ukraynalılar bir-birlərini çox yaxşı başa düşürlər. Rus dili mənlik deyil. Amma ingilis dilində danışığım pis alınmır (gülür).

 

- “Qəbələ” Azərbaycan çempionatında hansı səviyyədə çıxış edir?

- “Qəbələ” II Liqanın hər komandası ilə oynaya bilər. I Liqadan isə bəzi klublarla müqayisə olunacaq gücdədi. “Qarabağ”la derbidən sonra vəziyyət bir qədər də müsbətə doğru dəyişib. Yeri gəlmişkən, onlara qarşı oynamaq həm fiziki, həm də taktiki cəhətdən çox çətindi.

 

- Azərbaycana uyğunlaşmaq çətin olmadı?

- Azərbaycan mənə Türkiyəni xatırladır. Axı tez-tez ora gedib, gəlirəm. Odu ki, burdakı danışıq dili və yeməklər mənə qəribə gəlmir. Azərbaycanlıların danışığı bir az türk dilinə oxşayır. Bu ölkələr bir-birinə çox yaxındı.

 

- “Qəbələ”də uzun müddət qalmağı planlaşdırırsız?

- Klubla 2 illik müqavilə bağlamışam. Fransaya qayıtmağı planlaşdırmıram. Bundan da yuxarı səviyyəyə qalxmaq istəyirəm. Niyə də Türkiyə və ya başqa ölkələrə getməyim? Amma Fransaya qayıtmaq mənim üçün maraqlı deyil. Ambisiyam artıb. Bununla belə, növbəti klubumun adı gələcək təkliflərdən asılıdı (gülür). 

0