[b]“İnter” - “Kəpəz” matçında heç-heçə qeydə alınacaq?[/b]
19.02.2016 - 10:23
[b]“İnter” - “Kəpəz” matçında heç-heçə qeydə alınacaq?[/b]

“Kəpəz” Fariz Yusifovun baş hakimi olduğu oyunlarda uduzmur. Apasport.az saytının məlumatına görə, Topaz Premyer Liqasının XXII turunun bu gün baş tutacaq “İnter” – “Kəpəz” qarşılaşmasının baş hakimi olacaq 44 yaşlı sabiq FİFA referisi mövsümdə 6-cı dəfə gəncəlilərin oyununda söz sahibi olacaq.

 

Əvvəlki 5 matçda qərblilər 2 qələbə qazanıb, 3 heç-heçə edib. Bu hakimin idarəçiliyi ilə AZAL—ı 1:0, “Qəbələ”ni 3:0 hesabı ilə məğlub edən “Kəpəz” “Neftçi” (0:0), AZAL (1:1) və “Sumqayıt”la (2:2) heç-heçə edib. Hər iki qələbə evdə qazanılıbsa, səfərdə “sülh” qeydə alınıb.

 

Gəncəliləri “Neftçi” ilə görüşdə azlıqda qoyub, Sumqayıt səfərində 1 xal qazandıran son dəqiqə penaltisi ilə sevindirən Yusifov bu oyunlarda 30 vərəqə göstərib. Bunların 18-i qərblilərə, 12-si rəqiblərinə verilib.

 

“İnter”in oyunları zamanı isə Yusifov qol görmür. O, “bankirlər”in “Zirə” ilə mövsümün ilk yarısındakı iki qolsuz bərabərliyini izləyib. Referi debütantı 8, “İnter”i 3 sarı vərəqə ilə cəzalandırıb.

 

Həm “Kəpəz”in səfər oyunlarında, həm də bakılıların bütün matçlarında bərabəlik qeydə alan Yusifov cari mövsüm idarə etdiyi 10 çempionat matçında 6 sülhə şahid olub. Meydan sahiblərinin 3, qonaqların 1 qələbəsini görən hakim bu matçlarda 15 qol görüb. Öz meydanında oynayanlar 9 qol vurub, 6-nı buraxıb.

 

Qonaqların lehinə 2 penalti təyin edən hakim meydan sahiblərini 1 belə qərara sevindirib. Sonuncular bir dəfə say üstünlüyü də qazanıb. Onun göstərdiyi vərəqələrin ümumi sayı isə 53-dü. Bunlardan 25-i ev sahiblərinin hesabındadı. Qonaqlar isə 28 dəfə xəbərdarlıq görüb.