“İnter” Avroliqanın I təsnifat mərhələsində Moldova “Tiraspol”unu mübarizədən kənarlaşdırdı. Apasport.az saytının məlumatına görə, “bankirlər”in növbəti rəqibi İsveçin “Elfsborq” klubudu.
İyunun 26-da 110 yaşını qeyd edən “Elfsborq” İsveçin Buros şəhərini təmsil edir. Bu komanda 2005-ci ilin aprelin 17-dən ev oyunlarını “Buros-Arena”da keçirir. “Şəfa” kimi süni örtüyə malik olan bu stadionun tamaşaçı tutumu isə 14500-17800 aralığındadır. Bundan başqa, bu arenadan aşağı dəstə klubu olan “Norrbi” də yararlanır.
Klubu 1904-cü ildə 14-15 yaşları olan 19 yeniyetmə yaradıb. Karl Larson klubun futbol bölməsi ilə yanaşı, atletika və güləş bölməsinin də yaradılmasının təşəbbüskarı olub. 1906-cı ildən komandanın adı “Elfsborq”dur. Komandanın Elvsborq ərazisindən götürülüb. Sarı-qara rənglər isə 1624-cü ildən 1997-ci ilədək fəaliyyət göstərmiş Elvsborq alayının gerbindən götürülüb. Klubun ləqəbi “Eleqanterna”dır (“Zəriflər”, “Zövqlülər”).
“Elfsborq” ölkəsində yeganə komandadır ki, əvvəlki stadionu “Ryuavallen”in açılışı münasibətilə təşkil olunan oyunda İsveç millisini 2:1 hesabı ilə məğlub edib. “Sarı-qaralar” həmçinin İsveçdə 2 komandadan biridir ki, elitaya vəsiqə qazandığı ildəcə çempion olub. 1961-ci ildə buna nail olan “Elfsborq”un bu rekordunu 7 il sonra “Öster” təkrarlayıb. 1980 və 2008-ci illərdə İntertoto Kubokunun qalibi olan “zəriflər” İsveçdə 6 çempionluq və 3 ölkə kubokuna sahibdir. Bu komanda 1 dəfə də Superkuboka sahib çıxıb.
Ötən il komandanı VI edən Klas İnqesson isə vəzifəsindən istefa verib. “Elfsborq”un yeni baş məşqçisi isə Yanne Miandır. Komanda yalnız ölkə kubokunu qazandığı üçün Avroliqaya vəsiqə qazanıb. Hazırda fasilədə olan İsveç Allsvenskanında “Elfsborq” 13 turdan sonra topladığı 12 xalla XIII pillədə qərarlaşıb. Komandanın kapitanı Yuhan Larssondur. Vitse-kapitan isə vaxtı ilə İsveç millisinin kapitanlıq sarğısını daşımış 37 yaşlı Anders Svenssondur.