[b]“İtaliyanın müdafiə xəttini yara bilsəydim, Azərbaycanda oynamazdım”[/b]
12.10.2015 - 16:44
[b]“İtaliyanın müdafiə xəttini yara bilsəydim, Azərbaycanda oynamazdım”[/b]

Azərbaycan yığmasının futbolçusu Ruslan Qurbanovun apasport.az saytına müsahibəsi

 

- Əvvəlcə İtaliyaya məğlub olduğumuz oyun haqda fikirlərinizi bildirərdiz. Yığmamız 4 qat dünya çempionuna qarşı necə təsir bağışladı?

- Rəqibimizin kim olduğunu, dünya çempionatlarında 4 dəfə qızıl medal qazandığını bilirdik. Oyuna pis başlamadıq. Düzdü, erkən dəqiqələrdə qapımızdan top buraxdıq. Amma sonra hesabı bərabərləşdirə bildik. Əfsuslar olsun ki, 1:1 hesabını fasiləyə qədər qoruya bilmədik. İtaliya yığması göstərdi ki, əbəs yerə 4 qat dünya çempionu deyil.

 

- İtaliya ilə matçda öz oyununuzdan razı qaldızmı?

- Bonuççi və Kyellini kimi müdafiəçilərə qarşı oynamaq çətindi. Özümü yaxşı tərəfdən göstərmək üçün əlimdən gələni etdim. Doğma mövqeyimdə oynamamağıma baxmayaraq, bütün bacarığımı ortaya qoydum. Baş məşqçi mənə güvənir. Bu isə o deməkdi ki, üzərimdə daha çox çalışmalıyam. Azərbaycan yığmasına xeyir vermək istəyirəm. Öz oyunumdan razı qalıb-qalmadığımı deyə bilmərəm. Amma nə bacarıramsa, onu da göstərdim. Mənim çıxışıma Robert Prosineçki qiymət versə, daha yaxşı olar.

 

- Son vaxtlar əsas tənqid hədəflərindən birinə çevrilmisiz. Əksəriyyət sizin yığmanın “11-liy”ində oynamağa layiq olmadığınızı düşünür. Onları haqlı hesab edirsizmi?

- Bilirəm ki, çox tənqid olunuram. Çalışıram bu tənqidlərə fikir verməyim. Təbii ki, 11 nəfərin içində məni seçib, tənqid etmələri xoş deyil. Amma onları da başa düşürəm, işləri budu. Əsas heyətdə oynamağa layiq olduğumu ilk növbədə, baş məşqçiyə sübut etməliyəm. Əgər İtaliya və ya Xorvatiyanın müdafiə xəttini yara bilsəydim, onda Azərbaycanda yox, top-klubların birində oynayardım. Tribunadan baxıb tənqid etmək asandı, çətin olan isə oynamaqdı. Əgər qol vursam, başlayacaqlar məni tərifləməyə. Odu ki, tənqidlərə fikir vermirəm.

 

- Sabah Bolqarıstanla keçiriləcək matçda azarkeşlər yığmamızdan hansı nəticəni gözləsinlər?

- Biz Bolqarıstana yaxşı nəticəyə imza atmaq üçün gəlmişik. Seçmə mərhələni major notlarla bitirmək arzusundayıq. Xalqımızı, siz jurnalistləri və bizə dəstək olan hər kəsi sevindirməyə çalışacağıq.

 

- Robert Prosineçkinin yığmamızdakı işini necə qiymətləndirirsiz? Onun rəhbərliyi altında komandamız növbəti seçmə mərhələdə daha uğurlu çıxış edə biləcəkmi?

- Prosineçkinin gəlişindən sonra Azərbaycan yığması daha yaxşı futbol oynamağa başladı. Ardıcıl 4 rəsmi oyunda məğlubiyyət üzü görmədik. Berti Foqtsun vaxtında milli belə oynamırdı. Əgər Prosineçki seçmə mərhələnin əvvəlindən baş məşqçi olsaydı, yığmamız daha çox xal toplayardı. Qarşıda bizi yeni seçmə mərhələ gözləyir. İndiki məqamda yalnız Bolqarıstanla matç barədə düşünməliyik. Sonra necə olacağını isə zaman göstərəcək. Onu deyə bilərəm ki, mən Prosineçki ilə işləməkdən məmnunam. Buna görə də, meydanda daha çox çalışmaq, komandaya daha faydalı olmaq üçün əlimdən gələni edirəm.

 

Tengiz MƏMMƏDOV / Sofiya