Bakının “İnter” klubunun Gürcüstanda keçirəcəyi yoxlama oyunlarının vaxtı və rəqiblərin adlarına qismən aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, oktyabrın 2-də Tiflisdə toplanışa başlayacaq “bankirlər” qonşu ölkədə 3 yoxlama matçı keçirəcək.
İlk oyun oktyabrın 7-də olacaq ki, rəqib hələlik bəlli deyil. Oktyabrın 9-da “Sioni” və 10-da “Samtredia” ilə görüşlər planlaşdırılıb. Ancaq Türkiyənin “Kasımpaşa” klubunun baş məşqçisi Şota Arveladze də həmyerlisi Kaxaber Sxadadzeyə hazırlıq matçı keçirməyi təklif edib. “İnter”in Superliqa klubu ilə görüşü oktyabrın 9-u və ya 10-da ola bilər.
Qeyd edək ki, “Sioni”də çempionatımızda çıxış etmiş futbolçular oynayır. Bunlar İlya Kandelaki (“İnter”), Georgi Adamiya (“Neftçi”, “Bakı”, “İnter”), Davit Svanidze (“Muğan”), Davit İmedaşvili (“Xəzər Lənkəran”) və Tornike Aptsiauridir (“Qəbələ”).