[b]“...çox pis təsir edir” – Rizvan Fərzəliyev[/b]
18.09.2016 - 14:37
[b]“...çox pis təsir edir” – Rizvan Fərzəliyev[/b]

Futzal üzrə Azərbaycan millisinin kapitanı Rizvan Fərzəliyevin apasport.az saytına müsahibəsi.

 

- Zədəniz nə yerdədi və qrup mərhələsinin son matçı olan İranla oyunda iştirak edə biləcəksinizmi?

- Komandaya kömək edəcəyimə inanmıram. Çətin olacaq. Bir həftədi zədələnmişəm. Ona görə də məşqlərə qatıla bilməmişəm. Amma komandamızın gücünə inanıram. İranla oyunda qələbənin bizim olacağına əminəm. Qrup mərhələsini ikinci pillədə başa vurmaq üçün əla şansımız var.

 

- Həkim hansı müddətdən sonra meydana çıxacağınızı deyib?

- Üç həftə istirahət etməyimi məsləhət görüb. Qrup mərhələsini kənardan izləyəcəyim dəqiqdir.

 

- Zədəniz nədi?

- İçəri yan bağların qopmasıdı. Az qalırdı “mensk”ilə üzləşim. Şükürlər olsun ki, ondan yüngül zədədi, əməliyyatsız, müalicə ilə bərpa etmək mümkündü. Qrup mərhələsindən sonra 4 gün vaxtımız olacaq. Həkimimiz də tez sağalmağım üçün əlindən gələni edir. Çalışacam, qrup mərhələsindən sonrakı oyunlara kömək edim.

 

- Meydana çıxıb, oynamamaq çətin deyil?

- Heç vaxt belə ciddi zədə ilə üzləşməmişdim. Daim komandanın yanında olmuşam. İndi kömək edə bilməməyim çox pis təsir edir. Oyunda olanda elə epizodlar olur ki, əhəmiyyət vermirsən. Ancaq kənardan baxanda hər şeyi görür, dərhal reaksiya verirsən. Çox çətindi.

 

- Yenilənmiş milli necə təsir bağışlayır?

- Komanda işin 50 faizini görüb. Qalan hissəsi – yəni uğurlu rəqiblə düşməyimiz öz əlimizdədi. Bunun üçün İranla oyunda qələbə qazanmağımız vacibdi. Heç-heçə də bizi qane edir. Amma sırf heç-heçə üçün oynamaq riskli olardı. Növbəti mərhələdə nisbətən zəif rəqiblə düşməyimiz isə əlavə bir mərhələ keçməyimizə kömək edəcək.

 

- Mərakeşlə və İspaniya ilə duellər nəyə ümid etməyə əsas verir?

- İlk oyunda Mərakeşlə qarşılaşdıq. Onlar da iddialı gəlmişdilər. Öz qitələrinin çempionudular. Komandamız işinin öhdəsindən tam gəldi. Qələbə ilə yanaşı, çox qol vurdu. İspanlarla oyunda rəqib qrupun favoriti hesab edilsə də, oyunda hiss olunmadı. Onlar da bu cür oynayacağımızı gözləmirdilər. Hesabı açdıq, amma adi səhvlər üzündən üstünlüyümüzü saxlaya bilmədik, əksinə, rəqibə verdik. 2:4 hesabı ilə uduzsaq da, yaxşı oynadıq. Hesab oyuna görə olmadı.

 

- İranın iki oyununu izləmisiniz. Rəqib haqda nə deyə bilərsiz və onların nəyin hesabına məğlub etmək olar?

- İranı İspaniya ilə oyunda demək olar, analiz etdik. Zəif və üstün tərəflərini bilirik. Məşqçilər korpusu da nəyə diqqət yetirməli olduğumuzu başa salıb. Taktikamızı elə qurmuşuq ki, rəqibin zəif cəhətlərindən lazımınca yararlanaq. Bu dueldə bizə qələbə vacibdi. Uğurlu davam üçün bunu edəcəyik.

0