“İtaliya yığmasına görə məyus oldum. Halbuki bu komandanın Avropa çempionu ola biləcəyini düşünürdüm”. Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki deyib.
İtaliya mətbuatına açıqlama verən xorvatiyalı mütəxəssis “Skuadra Adzurra”nın qitə birinciliyindəki çıxışını dəyərləndirib. O, komandanın irəli gedə bilməməsini heyətində ulduz futbolçuların az olması ilə əlaqələndirib: “Antonio Kontenin yığmanı çempion edə biləcəyinə inanırdım. Çünki çox yaxşı çıxış edirdilər. Amma təəssüf ki, indi İtaliya millisində Andrea Pirlo, Alessandro Del Pyero, Françesko Totti və Roberto Bacco kimi komandanı arxasınca aparacaq ulduz futbolçular yoxdu”.
Prosineçki Avropa çempionatından sonra “Çelsi”nin “sükanı arxası”na keçən Antonio Kontenin də ünvanına tərif yağdırıb. Millimizin çalışdırıcısı Kontenin İngiltərə Premyer Liqasında uğur qazanacağına inandığını söyləyib: “Konte çox güclü məşqçidi. “Çelsi” indi daha güclü komandaya çevrilmək üçün Roman Abramoviçin puluna arxalana bilər. Joze Mourinyo və Pep Qvardiolanın da İngiltərəyə yollanması çox yaxşı oldu. Konte onların hər ikisini əzəcək”.
Qeyd edək ki, İtaliya yığması Avropa çempionatının 1/4 final mərhələsində Almaniyaya məğlub olaraq mübarizəni dayandırıb.