Yay transferləri üçün külli miqdarda pullar xərcləyən “Mançester Siti” heyətində “təmizləmə işləri”ni də davam etdirir. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, “şəhərlilər” daha 2 oyunçu ilə yollarını ayırıblar.
Söhbət hücumçu Keleçi İhenaço və yarımmüdafiəçi Duqlas Luisdən gedir. Gənc hücumçu İhenaço karyerasını “Lester”də davam etdirəcək. O, bu gün yeni komandasında tibbi müayinədən keçdikdən sonra rəsmi müqaviləyə qol çəkəcək.
“Mançester Siti” ötən ay 13 milyon avroya “Vasko da Qama”dan transfer etdiyi Duqlası da komandada saxlamayıb. Baş məşqçi Pep Qvardiolanın tapşırığından sonra 19 yaşlı braziliyalı oyunçu “Xirona” klubuna birillik icarəyə verilib.