[b]“Çempionatın erkən bitməsi bizə təsir edəcək” – Qara Qarayev[/b]
04.06.2017 - 01:23
[b]“Çempionatın erkən bitməsi bizə təsir edəcək” – Qara Qarayev[/b]

Avstriyada təlim-məşq toplanışında olan milli komandamız iyunun 3-də vətənə dönüb. Bir gün istirahət edəcək komanda üzvləri iyunun 4-də yenidən məşqlərini bərpa edəcək. Hazırlıq prosesi ilə bağlı millinin yarımmüdafiəçisi Qara Qarayev apasport.az saytının əməkdaşının suallarını cavablandırıb.

 

- İkihəftəlik təlim-məşq toplanışı necə keçdi?

- Məşq baxımından yaxşı keçdi, zədələnib, kənarda qalan olmadı. Yeganə çatışmazlıq oyunla bağlıdı. Başa düşürük ki, Avropanın əksər ölkələrində çempionat indi-indi başa çatır. Belədə rəqib tapmaq çətindi. Boşluğu doldurmaq üçün öz aramızda oyun təşkil etdik. Hakimlər də dəvət etmişdik. Maraqlı oyun alındı.

 

- Baş məşqçi sparrinq-rəqib tapılmamasını nə ilə izah etdi?

- Bu, əvvəlcədən planlaşdırılmışdı. Yəqin düşünüblər ki, rəqib tapacağıq, amma sonradan bu alınmadı. Niyə rəqib tapılmadı, niyə oyun keçirmədik, bu haqda ətraflı məlumatım yoxdu.

 

- Premyer Liqada fasilənin erkən başlaması, rəsmi oyunlara qədər bir ay yarım davam edən məşqlə kifayətlənmək problem yaratmayacaq?

- Çempionatın erkən başa çatması bizə mütləq təsir edəcək. Bilirsiz necədi? Çempionat başa çatdı, dayandıq. Sonra millinin məşqləri və rəsmi oyuna görə başladıq. Oyundan sonra yenə dayanacağıq, bir qədər keçdikdən sonra yenidən başlayacağıq. Bu temp, ritm bizə xeyir verməyəcək.

 

- Komanda yoldaşın Riçard Almeydanın millidə çıxış etməsinə icazə verildi. Onun yığmaya uyğunlaşmaq baxımından problem yaşamayacağına əminsinizmi?

- Almeyda bizə kömək edəcək. O, orta xəttimizi gücləndirəcək. Düzdü, orda oynayacaq futbolçularımız var. Riçard Şimali İrlandiya ilə matçda faydasını göstərəcək.

 

- Millidə həmin mövqeyə oyunçu seçimi kifayət qədərdi. Almeydanın gəlişindən sonra ehtiyatda qalmaq şansınız yox deyil…

- Baş məşqçi bir-iki dəyişiklik edəcək. Bunu oyun zamanı görəcəyik.

 

- Məşqlərdə Almeydanı hansı mövqedə sınayırdı?

- “Qarabağ”da oynadığı mövqedə. Qeyri-adi heç nə olmadı. Onunla öz aramızda keçirilən oyun zamanı da eyni mövqedə çıxış etdik. Təbii ki, oyuna qədər hər şeyə aydınlıq gətiriləcək.

 

- Şimali İrlandiyanın Yeni Zelandiya ilə matçını necə, izlədinizmi?

- Baxmamışam. Birisi gün məlumat veriləcək. Rəqibin necə oynadığını bilirik. Özümüzün də onlara qarşı necə oynamalı olduğumuzu beynimizdə tutmuşuq. Hansı cəhətlərimizi göstərməliyik, bilirik.

 

- Burda 0:4-ün revanşını almaq mümkün olacaqmı?

- Məğlubiyyətdən başqa bütün nəticələri bizim üçün uğurlu hesab etmək olar.

 

- Heç-heçə də?

- Əlbəttə. Heç-heçə də yaxşı nəticə olacaq.