“Simurq”la oyunda “Neftçi”nin bütün azarkeşlərinin baş məşqçi Arif Əsədovu istefaya səsləyib-səsləmədiyini bilmirəm. Mən öz qrupumuzun adından danışıram. Bəli, biz Arif müəllimi istefaya çağırmışıq”. Bu sözləri apasport.az saytına açıqlamasında “Forza Neftçi” fan-klubunun rəhbəri Sübhan Əliyev deyib.
“Ağ-qaralar”ın qış fasiləsindən sonrakı çıxışından narazı qalan Əliyev istefa şüarlarının klub rəhbərliyinə yox, ancaq Arif Əsədova ünvanlandığını bildirib: “İstefa şüarları yalnız Arif müəllimə ünvanlanmışdı. Buna baxmayaraq, biz həmişə komandanın yanındayıq. Təkcə yaxşı günün fanatı deyilik, pis günlərində də “Neftçi”yə dəstək olacağıq. Sadəcə, komandanın hazırkı çıxışı ürəyimizcə deyil. Klubun nümayəndələri ilə söhbətdə də demişik ki, biz azarkeşik, “Neftçi”nin pis oyunlarına görə ürəyimiz ağrıyır. Komandamızdan yaxşı oyun gözləyirik”.
Ölkə çempionatının 3-cü dövrəsinə uğursuz startdan sonra Arif Əsədovun tezliklə “Neftçi”dən göndəriləcəyi və həmin posta Böyükağa Hacıyevin qaytarılacağı haqda söz-söhbətlər səngimək bilmir. Fan-klub rəhbərinin bu məsələyə münasibəti belə olub: “Bizim qrupun Böyükağa Hacıyevə böyük hörməti var. Məhz onun rəhbərliyi altında komanda tarixi ərzində ilk dəfə Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazandı. Amma unutmayaq ki, “Neftçi”ni uzun fasilədən sonra ölkə çempionu edən isə Arif Əsədov olmuşdu. Biz azarkeşik, komandanın yaxşı oyun göstərməsini, uğurlu nəticə qazanmasını istəyirik”.
Topaz Premyer Liqasının XXI turu çərçivəsində “Neftçi” sabah “Xəzər Lənkəran”la qarşılaşacaq. İstənilən uğursuz nəticə Arif Əsədovun yenidən istefaya çağırılmasına səbəb ola bilər Çünki “ağ-qaralar”ın azarkeşləri bu prinsipial qarşılaşmadan ancaq və ancaq qələbə gözləyirlər: “Komanda kimi, biz də sabahkı oyuna hazırlaşırıq. “Xəzər Lənkəran”la matç bizim üçün çöx önəmlidi. “Xəzər Lənkəran” əzəli rəqibimizdi, onlara məğlubiyyəti bağışlamarıq. Bu matçda komandamızdan ancaq qələbə gözləyirik. İnanıram ki, oyundan 3 xalla ayrılan tərəf “Neftçi” olacaq”.
Tengiz MƏMMƏDOV