“Nadir Qasımov köhnə dostumdu. O, çox yaxşı insandı, sözünü mənə ünvanladığına inanmıram”. Bu sözləri apasport.az saytına “Turan”ın keçmiş baş məşqçisi Naci Şensoy deyib.
Bu günlərdə redaksiyamızın qonağı olan Nadir Qasımov "MKT-Araz"da işlədiyi dövrlə bağlı maraqlı fikir bildirib. Qasımov 2004/05 mövsümündə İmişli klubunu çalışdırarkən digər komandaların baş məşqçilərinin ondan xal istədiyini bildirmişdi: “Heç biri sinəsinə döyməsin, hamısı məndən xal istəyib. Çünki onlara başağrısı olmuşam”.
Həmin vaxt “Turan”ın “sükanı arxası”nda olmuş Naci Şensoy isə əməkdaşımızla söhbətində həmkarının onu nəzərdə tutmadığını vurğulayıb: “Bu, onun şəxsi fikridi. Mənim adımı hallandırmadığı üçün nəsə deməyim doğru olmaz. Qasımov bəlkə azərbaycanlı məşqçiləri demək istəyib. Axı mən orda əcnəbi idim”.
Daha sonra yazı ilə ətraflı tanış olan Türkiyə əsilli mütəxəssis bu iddiaların əsassız olduğunu söyləyib: “Bu mümkün deyil. Nadir Qasımovdan xal istəsəm, bir daha məşqçilik etmərəm. Nadir bunu sübut etsə, Türkiyədə PRO kateqoriyasını alan ilk məşqçi kimi diplomumu cırıb ataram. O, hər şey deyə bilər. Əsas sübut etməsidi. Mən də deyə bilərəm ki, Naomi Kempbellə yatmışam, amma onu sübut etməliyəm. Elə deyilmi?”
Qeyd edək ki, 1970-ci il təvəllüdlü britaniyalı Naomi Kempbell model və aktrisa olmaqla yanaşı, həm də müğənnidi.