“Hər şeyin bitdiyini düşünürəm. Təqaüdə çıxmaq barədə qərar verməyə yaxınam”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Neftçi”nin sabiq qapıçısı Boban Baykoviç deyib.
2017-ci ilin yayında Azərbaycandan ayrılan 33 yaşlı qolkiper hələ də özünə komanda tapmayıb. “Srvena Zvezda”dakı çıxışları ilə tanınan Boban artıq futbolçu karyerasını bitirmək barədə düşünür: “Bu qərarıma yaxın bir neçə gündə münasib təklifin gəlməsi mane ola bilər. Belə olsa, diqqətlə ölçüb-biçməliyəm. Artıq məşqə çıxmağa da nifrət etdim. Bunun son olduğunu başa düşdüm. Başqaları belə olacağını deyəndə inanmırdım, indi özüm şahidlik etdim”.
2016-cı ildə “Neftçi”yə transfer olunan, amma ümidləri doğrultmayan Baykoviç “ağ-qaralar”ın heyətində sevgisiz oynadığını da etiraf edib: “Açığı “Srvena Zvezda”dan gedəndən sonra özümdə boşluq hiss edirdim. Çünki artıq futbol biznesə çevrilmişdi. Belqrad klubunda isə ürəklə, emosiyalarla oynayırdım. Mənə “Lyers” və “Neftçi”də xoş, super idi. Amma sevgisiz idi ki, belə olması xoşuma gəlmirdi. Sanki bu, mən deyildim”.
Baykoviç məşqçilik fəaliyyəti ilə məşğul olmağı planlaşdırır: “Qapıçılarla çalışan məşqçi olmaq istəyirəm. B lisenziyalı məşqçi diplomum var. Təcrübə və biliklərə də yiyələnmişəm. Dayk Stoyanoviç və Viborko Koçeiçdən çox şey öyrənmişəm. Həm gənclər, həm peşəkarlarla işləyə bilərəm”.