Avropa Liqasının qrup mərhələsi çərçivəsində gələn həftə keçiriləcək “Monako” – “Qarabağ” matçı ilə bağlı UEFA-nın rəsmi saytında statistik məlumatlar yayımlanıb. Apasport.az saytının məlumatına görə, həmin yazıda “Qarabağ”la “Monako”nun avrokuboklardakı statistik göstəriciləri əks olunub.
- “Qarabağ”la “Monako” ilk dəfə üz-üzə gələcəklər. Ümumiyyətlə, Fransa klubu tarixində ilk dəfə Azərbaycan təmsilçisi ilə qarşılaşacaq.
- “Qarabağ” isə üçüncü dəfə fransızlarla üz-üzə gələcək. Ötən mövsüm Avropa Liqasının qrup mərhələsində Ağdam klubu “Sent-Etyenn”lə hər iki matçda (0:0, 1:1) heç-heçə etmişdi. Təmsilçimiz 1999-cu ildə də “İntertoto” kubokunun ikinci mərhələsində “Monpelye”yə hər iki matçda böyük hesabla (0:3, 0:6) məğlub olmuşdu.
- “Monako” Avropa arenasında öz meydançasında keçirdiyi son 13 görüşün yalnız 1-də məğlub olub. Belə ki, ötən mövsüm Çempionlar Liqasının 1/8 final mərhələsində “Arsenal” fransız klubunu səfərdə 2 cavabsız topla üstələmişdi. Lakin ümumi hesab bərabərə olduğundan, “Monako” səfərdə daha çox (3:1) qol vurduğu üçün 1/4 finala adlamışdı.
- “Qarabağ” cari mövsümdə avrokuboklarda keçirdiyi 8 oyunda ümumilikdə 7 qola imza atıb. Ancaq əvəzində cəmi 4 top buraxıb ki, bunun 3-ü “Tottenhem”lə səfər matçında qeydə alınıb.
- “Monako” qrup mərhələsi tətbiq olunandan bəri bir dəfə qrupda iştirak edib ki, o da 2005/06 mövsümünə təsadüf edir. Həmin vaxt da komanda 1/16 finala qədər irəliləyə bilmişdi.
- Bu, “Qarabağ”ın Avropa Liqasının qrupunda ikinci sınağıdı. Komanda ilk dəfə ötən mövsüm qrupda mübarizə aparmışdı. Azərbaycan tarixində bunu bacaran ilk klub isə “Neftçi” (2012/13) olub.
- Bakı ilə Monako şəhərləri arasında 3500 km-lik məsafə var.
- “Monako”nun braziliyalı müdafiəçisi Fabinyo “Qarabağ”la qarşılaşmanın ertəsi 22 yaşını qeyd edəcək.
- “Qarabağ”ın yarımmüdafiəçisi Əlhərbi Əl-Jadeyui Fransanın Strasburq şəhərində anadan olub. O, “Qarabağ”a gələnə qədər yalnız Fransa klublarında çıxış edib. Ağdamlıların hücumçusu Raydel Pupon isə Azərbaycana məhz Fransa klubu “Valensyenn”dən keçib.
- “Qarabağ” qrup mərhələsində mübarizə aparan 10 ölkə çempionundan biridi. Digər 9 komanda isə “Skenderbeu” (Albaniya), APOEL (Kipr), “Viktoriya” (Çexiya), “Midtyulland” (Danimarka), “Lex” (Polşa), “Partizan” (Serbiya), “Seltik” (Şotlandiya), “Mölde” (Norveç), “Bazel”di (İsveçrə).
- “Monako”nun baş məşqçisi Leonardo Yardimin ciddi uğuru yoxdu. Karyerasının böyük hissəsi Portuqaliya ilə bağlı olan Yardimin yeganə uğuru “Olimpiakos”la bağlıdı. O, 2012/13 mövsümündə “Olimpiakos”la həm ölkə çempionluğunu, həm də Yunanıstan Kubokunu qazanıb.
- “Qarabağ”ın çalışdırıcısı Qurban Qurbanov isə son 2 mövsüm Azərbaycan çempionu olmaqla yanaşı, Ağdam klubuna 2 dəfə də ölkə kubokunu qazandırıb.
Qeyd edək ki, “Monako” – “Qarabağ” oyunu oktyabrın 22-də keçiriləcək.