Azərbaycan çempionatı qış fasiləsindən sonra anormal hal alıb. Qələbə gözlədiyimiz komandalar uduzur, uduzacağını dediklərimiz qalib gəlir. Ümumiyyətlə, bəlkə də, ən zəif mövsümlərdən biridi. 10 komanda ilə başladıq, biri sıradan çıxdı, biri də can üstədi.
Qış fasiləsində 9 komandadan 6-sı Antalya səfası çəkəndə, AZAL-la “Sumqayıt” burda qalıb cəfa çəkdilər. Xüsusən, AZAL-ın göstərdiyi nəticələrə baxanda, adamın Türkiyədə havaya sovrulan pullara heyfi gəlir. İndiki Azərbaycan çempionatında medalçılar sırasına düşmək üçün heç milyonlar tökməyə ehtiyac da yoxdu.
Çempionatımızla maraqlanmayan biri turnir cədvəlinə baxsa, elə bilər ki, gərgin mübarizə gedir. Amma oyunlarda nə əvvəlki mövsümlərdəki kimi gərginlik var, nə də keyfiyyət. Belə baxanda, indi avrokuboklara vəsiqə qazanmağa nə var ki? “Xəzər Lənkəran”, “Sumqayıt” və “Bakı”nın hazırkı durumu göz önündədi. Bu komandalardan nəsə gözləmək yersizdi. Qalır 6 komanda ki, onlardan da AZAL və “Simurq”un büdcəsi digərlərindən qat-qat azdı.
Əslində, bu, “Qarabağ”, “İnter”, “Neftçi” və “Qəbələ” üçün ən asan mövsümlərdən biri olmalı idi. “Qarabağ” öz oyununu göstərir və nəticələrini də qazanır. Bəs digər 3 komandaya nə mane olur?
“İnter” də azdan-çoxdan nəticə göstərə bilir. Düzdü, “bankirlər” də uğurlu mövsüm keçirmirlər. Amma 18 oyunda 21 xal itirən “İnter”in ikinci pillədə rahat qərar tutması “Neftçi” və “Qəbələ” üçün düşündürücü amil olmalıdı.
“Qəbələ”nin özünə görə səbəbləri ola bilər. Mövsümlərarası fasilədə aparıcı futbolçuların hamısı və baş məşqçi Yuri Syomin getdi, yeni komanda quruldu. Üstəlik, qış fasiləsində də yeni baş məşqçi gəldi və heyətdə yenə müəyyən dəyişikliklər oldu. Amma istənilən halda, “Qəbələ” indi ən azı “Simurq” və AZAL-dan öndə olmalı idi. Bir mövsümdə iki dəfə ciddi dəyişiklik olduğunu nəzərə alsaq, “Qəbələ”nin sonda 4-cü yerlə də avrokuboklara düşməsini uğur saymaq olar.
“Neftçi” barədə isə eyni sözləri demək olmur. AZAL-a uduzan, öz meydanında “Simurq”un qapısı qarşısında təhlükəli vəziyyət yarada bilməyən komanda avrokuboklara çıxsa nə edəcək ki? Bu “Neftçi” həmin “Neftçi”di ki, ardıcıl 3 çempionluq qazanıb, Avropa Liqasının qrupunda oynayıb. Heyətində heç ciddi dəyişiklik də olmayıb. Arif Əsədov inciməsin, amma ortada ciddi problem var və bu, komandanı getdikcə gerilədir.
Təsadüfi deyil ki, Əsədovun rəhbərliyi altında komanda bu mövsüm keçirdiyi 15 oyunda 21 xal itirib. İndi azarkeşlərin üsyanına da, “istefa” şüarı səsləndirməyinə də haqq qazandırmaq lazımdı. Axı bu heyət “Qarabağ” kimi rəqibi üstələməyi, ən yaxşısını göstərməyi bacarıb.
Kənardan açıq-aşkar hiss olunur ki, “Neftçi”də ab-hava heç də yaxşı deyil, daxili problemlər mövcuddu. Futbolçuların tez-tez intizamsızlığa yol vermələri, əvəzedici heyətə göndərilmələri nizam-intizamın qaydasında olmadığını göstərir. Futbolçular özlərini ağa kimi aparırlar, istədiklərini edirlər. Sanki bu vəziyyət rəhbərliyin də ürəyincədi. Əsədova bu qədər təzyiqlər olsa da, rəhbərlik çıxıb onun arxasında durduğunu demir.
Bu, bir növ fırtına öncəsi səssizliyə bənzəyir. Gedişat belə davam edərsə, rəhbərlik iki yoldan birini seçməli olacaq: ya məşqçilər korpusunda dəyişiklik olacaq, ya da futbolçu heyətində ciddi islahat aparılacaq. Amma o vaxta qədər də iş-işdən keçə, komanda gələn mövsüm avrokuboklarda seyrçi rolunu oynaya bilər.
Ruslan SADIQOV