Avropa Liqasının I təsnifat mərhələsinin “Mladost”la Montenqrodakı cavab oyunu “Neftçi” üçün yubileylə əlamətdar ola bilər. Apasport.az saytının məlumatına görə, Bakı klubu indiyədək avrokuboklarda 49 qol vurduğundan 50-ci – yubiley topun astanasındadı.
Podqoritsada vurulacaq ilk top “ağ-qaralar”ın yüzü yarılaması ilə əlamətdar olacaq.
Belə ki, “Neftçi” indiyədək keçirdiyi 51 avrokubok matçında 49 qol vurub. Bu matçlarda 14 qələbəsi, 14 heç-heçəsi və 23 məğlubiyyəti olan paytaxt təmsilçisi qapısından 82 top buraxıb.
Monteneqrodakı qələbə də 15-ci olacaq ki, bu da komandanın daha bir yubileyi olacaq. “Ağ-qaralar” buna nail olsa, Çempionlar Liqasında 5, İntertoto kubokunda 3 dəfə qalib gələn komanda indi çıxış etdiyi turnirdə 7-ci dəfə qalib gələcək.
Qeyd edək ki, “Neftçi”nin 49 qolundan 14-ü Çempionlar Liqası, 28-i Avropa Liqası (əvvəlki UEFA kuboku), 7-si İntertoto kubokuna təsadüf edib. Bakılılar yalnız Kuboklar kubokunda rəqib qapısına yol tapa bilməyib.