[b]“Neftçi” “Bursaspor”un təklifindən niyə imtina etdi?[/b]
26.12.2014 - 15:06
[b]“Neftçi” “Bursaspor”un təklifindən niyə imtina etdi?[/b]

"Türkiyənin Antalya şəhərində keçiriləcək hazırlıq prosesi üçün sıx qrafik nəzərdə tutulub. Təlim-məşq müddətində komanda gündə 2 dəfə məşq edəcək. Bununla yanaşı, oyun günləri də məşq planlaşdırılıb”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Neftçi”nin baş məşqçisi Arif Əsədov deyib.

 

Klubun rəsmi saytına açıqlama verən 44 yaşlı mütəxəssis 2015-ci ilin yanvarın 11-dən 25-dək Türkiyədə keçiriləcək təlim-məşq toplanışı haqda fikirlərini açıqlayıb. O bildirib ki, “Neftçi” iki tanınmış klubla oynamaqdan imtina edib: “Orada olduğumuz müddətdə azı 6 yoxlama oyunu keçirəcəyik. Təbii ki, bu oyunlar üçün daha güclü klubları seçə bilərdik. Məsələn, Xarkov "Metallist"i, "Bursaspor" kimi komandalar "Neftçi" ilə oynamaq istəyirdilər. Amma belə olan halda oyunlarımızı məskunlaşacağımız "Mardan İdman Kompleksi"ndən xeyli aralıda keçirməli olacaqdıq. Bu isə gərgin məşqlərin fonunda əlavə yorğunluq və vaxt itkisi deməkdi. Ona görə də təlim-məşq keçdiyimiz stadionda oynamağa razılaşan klubları seçdik”.

 

Əsədov “Bursaspor” və “Metallist”lə oynamaqdan imtinadan sonra qarşılaşacaqları rəqiblərdən də danışıb: “Rəqiblərimiz arasında olan İranın son çempionu "Fulad" komandası Asiya Çempionlar Liqasının da iştirakçısıdır. Ümumiyyətlə rəqiblərimiz müxtəlif oyun üslubuna malik komandalardır. Belə olan halda çatışmayan cəhətlərimizi daha yaxşı analiz etmək imkanımız olacaq. Təlim-məşq müddətində gənc yerli oyunçuları da yoxlayacağıq. Çalışacağıq ki, onlar da tədricən əsas komandaya uyğunlaşsınlar".