“Neftçi”nin hücumçusu Uqo Barqasın aqibətinə rəsmən aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, fransalı futbolçu karyerasını “Bluminq”də davam etdirəcək.
Öncə Barqasın razılığını alan Boliviya təmsilçisi artıq “Neftçi” ilə də ortaq məxrəcə gələ bilib. Məsələ bu gün və ya sabaha həllini tapacaq. “Ağ-qaralar”la müqaviləsinə xitam veriləcək Barqas Boliviyaya yollanaraq, yeni komandası ilə rəsmi sözləşməyə qol çəkəcək.
“Bluminq” Barqas üçün yad komanda deyil. Belə ki, 31 yaşlı forvard ötən il “Neftçi”yə məhz bu klubdan keçmişdi. Bundan əlavə, o, 2012/2013 mövsümündə də “Bluminq”in formasını geyinib.
Uqo Barqas “Neftçi”də ümumilikdə 30 oyunda 7 qola imza atıb.
Qeyd edək ki, “Neftçi” qış fasiləsində Barqasdan öncə 9 futbolçu - Pavel Dreksa, Rahil Məmmədov, Aqşin Qurbanlı, Fəhmin Muradbəyli, Məqsəd İsayev, Maksim Vaylo, Təyyar Məmmədov, Tərzin Cahangirov və Edson Kastilyo ilə yolları ayırıb.